“4Sİ Akademiyası”nın istifadəçiləri layihə başlayandan bu günə kimi “Coursera” platformasında 29 mindən çox kursa yazılıblar. İstifadəçilər tərəfindən 3500-dən çox kurs uğurla başa vurulub. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, platformada isitfadəçilərimiz ən çox (3293 nəfər) DeepLearning.AI şirkətinin “Süni intellekt hamı üçün” proqramına müraciət edib. IBM şirkətinin təklif etdiyi “Data elmi nədir?” kursuna qeydiyyatdan keçənlərin sayı 2613 nəfər olub. Nyu York Dövlət Universitetinin “Blokçeynin əsasları” kursuna isə 2548 nəfər müraciət edib. 
 
“4Sİ Akademiyası” rəqəmsal bilik və bacarıqların inkişafı üçün 4SİM və Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən pilot layihədir. İlkin mərhələdə 10000 nəfər vətəndaş üçün “Coursera” platformasında 800 kursa ödənişsiz giriş imkanı yaradılıb. Onlardan 8000 nəfər artıq bu imkandan faydalana bilib.