Proqramın əhatə dairəsi daha geniş olacaq
 
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” ölkə başçısının 2022-ci ildə imzaladığı Sərəncama dəyişiklik edilib. 
"Yüksəliş" müsabiqəsinin qalibi Ramtiq Alızadə "Azərbaycan müəllimi"nə açıqlamasında bu dəyişikliklərin ali təhsilin, elmin, kadr potensialının, ümumilikdə gənclərin inkişafında roluna diqqət çəkib.
 
Əmək bazarına ixtisaslı kadrlar gələcək
 
Dövlət Proqramının müddətinin uzadılması əmək bazarında daha çox ixtisaslı, yeniliklərə hazır kadr olacağı anlamına gəlir: “Dəyişikliklərdən biri – Dövlət Proqramının müddətinin 2026-cı ildən 2028-ci ilə qədər uzadılmasıdır. İldə 500 gəncin Proqram çərçivəsində xaricdə təhsil üçün göndəriləcəyini nəzərə alsaq, bu, 2 il ərzində 1000-ə yaxın gəncin dünyanın qabaqcıl universitetlərində təhsil alacağı və təhsil müddətində qazandıqları bilik və bacarıqları növbəti mərhələdə ölkəmizə qayıdaraq öz sahələrində tətbiq eləməyə çalışacaqları anlamına gəlir”.
 
R.Alızadənin fikrincə, dövlətin təşviqi ilə daha çox gənc bu prosesə qoşulacaq: “Hesab edirəm ki, qısa müddətdə bu dəyişikliyin nəticələrini əmək bazarında görəcəyik. Proqram çərçivəsində artıq doktorantura təhsili almaq da mümkün olacaq ki, bu da Azərbaycan elminə töhfə verəcək: “Dövlət Proqramı çərçivəsində hər il 400 gəncin təhsili maliyyələşdirilirdisə, bu il həmin say 500 nəfərə çatdırılıb. Üstəlik, növbəti ildən 500 nəfərin arasında doktorantura səviyyəsi üzrə təhsil almaq istəyənlər də olacaq. Bu da o deməkdir ki, sadəcə əmək bazarında yox, elm sahəsində də gənclərin qabaqcıl mövqe tutmalarında dövlətimiz maraqlıdır”.
 
R.Alızadə Azərbaycanda elmin inkişafında dövlətin xüsusi marağına diqqət çəkib: “Gənclərin elmə təşviqi informasiya texnologiyaları, süni intellektin inkişaf etdiyi bir dövrdə xüsusi məna kəsb eləyir. Müasir elm sənayesi süni intellektin inkişafı ilə əlaqədar olaraq xüsus çağırışla üz-üzə qalıb. Azərbaycan elminin dünya elm sənayesinə inteqrasiyası, uyğunlaşması lazımdır. Hesab edirəm ki, bu mərhələdə məhz dövlətin doktorantura səviyyəsində təhsilini dəstəklədiyi gənclər ölkəmizdə elmin inkişafına yenilik gətirə biləcəklər. Bakalavriat və magistratura ilə yanaşı, doktorantura səviyyəsində də gənclərin təhsilinin dəstəklənməsi əmək bazarında olduğu kimi, elmin ayrı-ayrı sahələrində də qısa müddətdə öz nəticəsini verəcək. Dövlət Proqramı təhsilin hər üç səviyyəsində gənclərə yönəlsə də, faydalılığına görə, təkcə Proqram iştirakçılarını əhatə etməyəcək. Belə ki, Proqram iştirakçısı olan gənclər ölkəyə qayıtdıqdan sonra müxtəlif sahələrdə, dövlət və ya özəl müəssisələrdə çalışacaq, ayrı-ayrı sahələrə öz töhfələrini verəcəklər. Bu da o deməkdir ki, bu Proqramın əhatə dairəsi daha geniş olacaq”.
 
Gənclərin dəstəklənməsi nəticəsini mütləq verəcək
 
“Dövlət Proqramına edilən son dəyişikliklər birbaşa insan kapitalının inkişafına xidmət edir”, - deyən R.Alızadə hesab edir ki, dövlət ölkədə gənclərin önəmli yer tutmalarında maraqlıdır: “Nəzərə alsaq ki, Dövlət Proqramının və sənədə edilən dəyişikliklərin əsas hədəf kütləsi gənclərdən ibarətdir, bu o deməkdir ki, gənclərin əmək bazarında, elm sahəsində qabaqcıl mövqe tutmalarında maraqlıdır”.
 
O əlavə edib ki, dövlət gəncləri dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən ən nüfuzlu universitetlərin təcrübəsini öyrənərək, qayıdıb onu ölkəmizdə tətbiq edəcək güc olaraq görür və onları buna təşviq edir: “Proqramın xüsusilə gənclərin təhsilinə dəstək verməsi, onların müxtəlif sahələrdə qabaqcıl yer tutmalarını təşviq eləməsini nəzərə alaraq deyə bilərəm ki, bu cür proqramlar gənclərin inkişafı üçün çox önəmlidir. Gənclər dinamik, yenilikçi yaş qrupundadırlar. Hazırda əmək bazarında, təhsil və elmdə hər gün yenilik baş verir və yeniliklərlə ayaqlaşmaq üçün gənclərin dəstəklənməsi nəticəsini mütləq verəcək”.
 
Ruhiyyə DAŞSALAHLI