Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlarla bağlı onlayn toplantı keçirilib.

 

Toplantıda institutun direktoru, akademik Rasim Əliquliyev ordumuz tərəfindən həyata keçirilən hərbi əməliyyatlar haqqında danışıb. Prezident İlham Əliyevin xalqa müraciətini xatırladan alim  bu gün siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəsin vətən uğrunda birləşdiyini və dövlət başçısının siyasətini tam şəkildə dəstəklədiyini vurğulayıb.

 

Akademik dövlət başçısının uğurlu daxili və xarici siyasətindən söz açaraq qeyd edib ki, 30 il ərzində böyük bir inkişaf yolu keçmiş Azərbaycan bu gün güclü iqtisadiyyatı ilə dünya arenasına sürətlə inteqrasiya olunur:”Bunun nəticəsidir ki, ordumuz düşmənə layiqli cavab verərək ard-arda mühüm qələbələr qazanır. İllərdir ki, 1 milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Bu gün Azərbaycanın hər bir vətəndaşı sona qədər mübarizə aparmaq, qələbə qazanmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək uğrunda səfərbər olub. Ordumuzun əldə etdiyi uğurların əsasında dövlət başçısının siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat faktoru dayanır. Azərbaycanın bütöv xəritəsi dünya dövlətləri, eləcə də BMT tərəfindən tanınır. Bu gün biz haqlı olaraq öz torpaqlarımızın azad edilməsi uğrunda müharibə aparırıq”. 

 

R.Əliquliyev Azərbaycanın silahlı qüvvələrinin uğurlar əldə etməsində yüksək texnologiyaların, müasir qurğuların və kosmik peyklərin əvəzsiz rolundan da söz açıb. Bildirib ki, ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunmuş müasir və qüdrətli ordu formalaşıb.

 

O, hazırki şəraitdə informasiya müharibəsinin düzgün aparılmasının son dərəcə vacib olduğunu,  bu istiqamətdə Azərbaycan ziyalılarının xüsusi rolunu da vurğulayıb. Qeyd edib ki, alimlərimiz informasiya müharibəsinin önündə getməli, kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar etməli, bu mübarizəyə öz töhfələrini verməlidirlər.