Qabaqcıl təcrübənin tətbiqi inkişaf üçün yeni imkanlar yaradır


 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

 

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

 

Məktəb təkcə şagirdə bilik verilən məkan deyil, həm də onun özünü tanıdığı, arzularının yarandığı, gələcəyə baxışının formalaşdığı yerdir. Ona görə də ümumi təhsil müəssisələrinin fəaliyyəti səmərəli qurulmalı, inkişaf üçün əlverişli mühit yaradılmalıdır ki, məktəblilər gələcəkdə ölkəmizə fayda verə biləcək bir vətəndaş kimi yetişə bilsinlər. Yəni bu günün şagirdi məktəbin ona bəxş etdiyi imkanlardan istifadə edərək gələcəkdə öz həyatını səmərəli qurmalı və bununla da Vətənə, xalqa layiqli bir şəxsiyyət kimi yetişməlidir. 

 

Məktəbdə işi səmərəli qurmaq, uğur əldə etmək və əlverişli mühit formalaşdırmaq üçün ilk növbədə konkret plan hazırlanmalı, hədəflər, eləcə də məqsədə çatmaq üçün həyata keçirilməli olan tədbirlər müəyyənləşdirilməlidir. Təlimdə ehtiyac və maraqlar nəzərə alınmalı, keyfiyyətə üstünlük verilməlidir. Həmçinin, ümumi təhsil müəssisəsi lazımi avadanlıqlarla təmin edilməli, qərarların qəbulu zamanı kollektivin rəyi nəzərə alınmalı, məktəbdaxili qiymətləndirmə mexanizmi yaradılmalı, valideynlərlə sıx əlaqə qurulmalıdır. Bütün bunlarla yanaşı, məktəbdə hər kəsin işinə məsuliyyətlə yanaşması da vacib məsələlərdəndir.

 

Müəllim şagird üçün gələcəyə yol açır

 

Günü-gündən inkişaf edən və yenilənən təhsilimizdə baş verən proseslərdə valideynlərin kənarda qalması mümkün deyil. Buna görə də valideynlərin təhsil ocağı ilə sıx əlaqə saxlaması, məktəbdə və təhsilimizdə gedən proseslərdə bilavasitə iştirakı çox vacibdir.

 

Rəhbərlik etdiyim təhsil müəssisəsində də bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, amerikalı alim Edqar Deylin “School building” adlı piramida üsuluna əsaslanan məktəbin İnkişaf Planında valideynlərlə sıx əlaqə qurulub və mütəmadi olaraq valideyn iclasları çağırılır, əldə olunan nailiyyətlər və qarşıda duran məsələlər müzakirə edilir. Eyni zamanda, valideynlər dinlənilir, qərarların qəbulu zamanı onların təklif və tövsiyələri diqqətdə saxlanılır.

 

Müəllimlərin peşəkarlıq səviyyəsini müəyyənləşdirmək və qiymətləndirmək üçün valideynlərlə  şagirdlər arasında anonim sorğular keçirilir. Sorğuların nəticələri əsasında müəllimlərin müntəzəm olaraq öz üzərlərində çalışması və müxtəlif kurslarda iştirak etməsi təmin olunur.

 

Həmçinin, məktəbdə ildə 1 dəfə müəllimlərin peşəkarlıq səviyyəsi qiymətləndirilir. Qiymətləndirmədə müəllimin özü, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, direktor, eləcə də şagird iştirak edir. Bu zaman müəllimin dərin biliyə malik olması, tədris texnologiyalarına yiyələnməsi, şagirdlərdə fənnə maraq oyatmaq bacarığı və digər bu kimi amillər əsas götürülür. Nəticələr aşağı, orta, yüksək və əla səviyyələrindən ibarət olmaqla, müvafiq balla qiymətləndirilir. Bu hal müəllimlərin fəaliyyətinin artırılması üçün daim çalışmalarına zəmin yaradır, eləcə də onlar arasında sağlam rəqabət mühitini formalaşdırır. 

 

Çin mütəfəkkiri  Konfutsi deyib: “Alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir və yolu sərbəst getməyə imkan yaradır”. Doğrudan da müəllimlə şagird arasında sərbəst münasibətlərin qurulması, məktəblinin bilik qazanmasının asanlaşdırılması, ona düşünmək imkanının verilməsi və gələcəyə hazırlanması pedaqoji məharətdir. Bu məharəti özündə birləşdirən müəllimlər dərs dedikləri şagirdlərə düşünmək imkanı verir, onlar üçün gələcəyə yol açır. Rəhbərlik etdiyim məktəbdə də müəllimlərlə şagirdlər arasında münasibətlər məhz bu prinsip üzərində qurulub.

 

Yeniliklərlə zəngin fərqli iş

 

Məktəbin pedaqoji kollektivi yaxşı bilir ki, qloballaşan dünyaya savadlı, Vətənini,  dövlətini, xalqını sevən, tarixi keçmişini dərindən bilən, hədəflərə çatmağı bacaran şəxsiyyət yetişdirmək qarşıya qoyulan əsas perspektiv məsələlərdəndir. Təhsil müəssisəsinin işi də məhz bu istiqamətdə qurulub. 

 

Rəhbəri olduğum məktəbdə hər gün dərs prosesi Azərbaycanın Dövlət himninin oxunması və Milli Qəhrəman Rafiq Nəsrəddinovun büstünün önünə gül dəstələrinin qoyulması ilə başlayır. Bununla şagirdlərə dövlət atributlarına hörmət etmələri, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşən və şəhid olan Vətən övladlarını heç zaman unutmamaları aşılanır.

 

Bundan əlavə, məktəb həyatının canlanmasına xidmət edən bir sıra tədbirlər, o cümlədən “açıq dərs”, “dəyirmi masa”, konfrans və seminarlar keçirilir. Məqsəd isə şagirdlərin istedadını üzə çıxarmaq, təfəkkür və məntiqinin inkişafına nail olmaq, onları sərbəst düşüncə və idraki fəallığa sövq etmək, eləcə də mədəniyyətli və ünsiyyətcil şəxsiyyətlər yetişdirməkdən ibarətdir.

 

Tədbirlər çərçivəsində tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinin məktəblilərə öyrədilməsinə xüsusi fikir verilir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti şagirdlərə örnək olaraq öyrədilir, akademik Zərifə Əliyevaya həsr olunmuş tədbirlər keçirilir. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar geniş Tədbirlər Planı hazırlanıb və bu istiqamətdə böyük işlər görülür.

 

Məktəbin həyata keçirdiyi tədbirlər arasında IX və X sinif şagirdlərinin “Xocalıya ədalət” kampaniyasına qoşularaq Türkiyənin Ankara və Bursa, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərlərində yerləşən məktəblərin şagirdlərinə Xocalı soyqırımına aid video və foto materiallar göndərmələri xüsusi əhəmiyyət daşıyır. Həmçinin, məktəblilər Xocalı mövzusunda broşürlər hazırlayaraq ictimaiyyət arasında da yayıblar.

 

Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq çərçivəsində “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qəhrəmanlar unudulmur” və digər adlarla tədbirlər keçirilib. Bu tədbirlər şagirdlərə vətənpərvərlik hissinin aşılanması baxımından unudulmaz olub.

 

Məktəbdə şagirdlərin ədəbiyyata marağının artırılması, mütaliə vərdişlərinin formalaşdırılması və inkişafı məqsədilə görkəmli yazıçılarla görüşlər təşkil olunur, onların yubiley tədbirləri qeyd edilir. Həmçinin, klassik və müasir yazıçıların əsərləri oxunur, müzakirələr aparılır, tamaşalar hazırlanır. Tədbirlərin təşkili zamanı Qarabağ mövzusuna üstünlük verilir. Araşdırmalar da göstərir ki, belə tədbirlər  şagirdlərin mütaliəyə olan maraq və həvəsini artırır.

 

Bir məsələni də qeyd edim ki, məktəb Azərbaycanda bir ilkə imza atıb. Belə ki, təhsil müəssisəsinin müəllim, şagird kollektivi və məktəbin məzunu, hazırda Türkiyənin Aydın Universitetinin rejissorluq fakültəsində təhsil alan Fərid Müslümün birgə əməkdaşlığı ilə yazıçı-publisist Günel Anarqızının “Keçmişə sarı” əsərinin motivləri əsasında bədii film çəkilib. Məktəb kollektivi tərəfindən reallaşdırılan bu yenilik təhsil müəssisəsini bundan sonra müstəqil layihələr həyata keçirməyə daha da həvəsləndirib.

 

Hədəfə doğru

 

Bildiyimiz kimi, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 3-cü istiqamətində təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə nəzərdə tutulur.

 

Görülən işlərin nəticəsidir ki, 2013-cü ildə rəhbərlik etdiyim 39 nömrəli tam orta məktəb “İlin ən yaxşı ümumi təhsil məktəbi” adına layiq görülüb. Məktəbin məzunlarının buraxılış və qəbul imtahanlarında göstəriciləri isə ilbəil artır. Onlar arasında qızıl medal və Fəxri fərmanlara layiq görülənlər də var.

 

Bir məsələni də vurğulamaq istərdim ki, məktəbdə uğur qazanılmasında idarəetmənin düzgün qurulmasının mühüm əhəmiyyəti var. İdarəetmənin təşkilində isə məktəb direktorunun üzərinə böyük məsuliyyət düşür. Məktəb direktoru məsuliyyətli və ədalətli olmalı, hər zaman çətinliklərin öhdəsindən gəlməyi bacarmalıdır. Həmçinin, iradəli, səbrli, təmkinli və qarşıya qoyduğu hədəflərə çatmağa inamı olmalıdır. Eyni zamanda, məktəb rəhbəri Vətənin, dövlətin, xalqın maraqlarını öz mənafeyindən üstün tutmalıdır. Çünki məktəb rəhbərinin, müəllimin nöqsanı gələcəyimiz olan şagirdlərin düşüncəsində silinməz izlər qoya bilər, bu isə yolverilməzdir.

 

Sonda bildirirəm ki, məktəbdə əldə olunan uğurlarla məktəb kollektivi kifayətlənmir, əksinə, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində kollektivin hər bir üzvü təhsildə və təlimdə daha yüksək nailiyyətlər əldə etmək üçün inam və əzmlə çalışmaqda davam edir. Hər kəs uğurların davamlı olacağına və səmərəli məktəb modelinin yaxın vaxtlarda formalaşacağına inanır.

 

Tahirə ŞÜKÜROVA,

39 nömrəli tam orta məktəbin direktoru

 

 


Bölmənin digər xəbərləri