Böyüməyib, Böyük Vətən Müharibəsinin məktəbli ŞƏHİDi oldular


İki şəhid bala, iki şəhid məktəbli. Hər biri bir ailənin sevinci, hər biri bir ailənin gülüşü. Hərəsi böyük bir dünyaydı. Özü boyda demirik, çünki özündən böyük bir dünyası vardı hər birinin. Dünyaları yıxıldı. İki fidanın xəyallar, arzular, planlarla dolu  ömrü yarımçıq qaldı. Halbuki onlar da böyümək istəyirdilər. Hədəfləri vardı. Müəllim olacaqdılar. Fidan sinfə girib şagirdlərinə həyatda ağla qaranı seçməyi, Şəhriyar isə qarmonun ağla qara dillərini öyrədəcəkdi. Ağla qara...

 

İkisinin də həyatında çoxlu, saysız-hesabsız rənglər vardı. Birdən-birə o rəngli dünya ağ-qaraya çevrildi. Getdikcə ağı da azaldı, bütün dünya qaraldı...

 

Bir neçə saniyənin içində dəyişdi dünyanın rəngləri. Böyük bir gurultudan sonra. O gurultunu eşitdilərmi, bilmirik. O gün, axşamüstü saat 5 radələrində qopan və bir andaca bir ailənin 5 üzvünün dünyasını dəyişdirən hadisədən həmin 5 nəfərdən hansı xəbər tutdu? Kim eşitdi o həngaməni? Evlərinə, başlarına nə düşdüyünü hansı bildi, anladı, görəsən?

 

Bir neçə dəqiqənin günahkarı

 

“Bütün gün hamı bizdə idi. O evdə gün ərzində, demək olar ki, heç kim olmamışdı. Günortadan sonra Şəhriyargil evlərinə getdilər. Fidan evdə qalmışdı. Qardaşı Elbrusla bir yerdə idilər. Oturmuşdular evdə. Sonra evdən necə çıxdığını bilmədim. Bir neçə dəqiqənin günahkarı oldu  Fidan da”.

 

İndi 14 yaşlı qızı ilə bağlı danışmağa söz belə tapmayan anası Təranə xanım o günü belə xatırladı. Qızının ölümündən bir neçə gün sonra  ağlında qalan, gözünün önündən getməyən xatirələr hələ də ona anlaşılmaz gələn o bir neçə dəqiqədən ibarət idi. Axı, o an erməni artilleriyasının hədəfinə çevrilən o evdə olmaya bilərdilər... Bütün gün bir yerdə olan Qurbanovlar ailəsi digər qardaşa aid olan o evə qayıtmaya da bilərdi. Çox da ki, bu, onların öz evi idi... İnsan təhlükənin onu məhz onun üçün ən təhlükəsiz saydığı yerdə - evində tapacağını hardan bilsin ki?! Şəhriyarın 4 nəfərdən ibarət ailəsinin yaşadığı ev idi erməni topunun hədəfindəki o ev. Bəs, Fidan niyə ordaydı? Axı, hərbçi əmisinin ailəsi, nənə-babası bütün gün onun evində olmuşdu o gün. Bir yerdəydilər Şəhriyarla. Fidanı onun yanına sürükləyən nə idi? Ölümmü?

 

Bəlkələr, beynini gəmirən ehtimallar gözlərini elə qapayıb ki, onları aralayıb düşüncələrində, xatirələrində qızına aid nələr qaldığını tapa bilmir anası Təranə xanım: “Nə danışım ki, onlardan. Ağlıma heç nə gəlmir. Bircə onu bilirəm ki, ikisi də həyat doluydu. Səs-küy vardı onların olduğu yerdə. İndi yoxdular, evimizin səsi-küyü, nəşəsi də yoxdu. Gülüş onlarla bir yerdə getdi həyatımızdan”.

 

İki ayrı evdə böyüyən iki sevgidolu uşaq.  Şıltaqlıqları ilə qaldı xatirələrdə ikisi də. Top atəşi təbəssümü də, həyata qarşı marağı da çöhrələrində dondurdu. Şəhriyarla Fidan ailənin digər 3 üzvü - Şəhriyarın anası, nənə və babaları ilə birgə ayrıldı bu dünyadan.

 

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu yaşayış məntəqələrindən biri də məhz Naftalan şəhərindəki o ev idi. Qurbanovlar ailəsinin yaşadığı həmin evdə bir ailə  həlak oldu. Onlardan ikisi məktəbli idi. 2006-cı il təvəllüdlü Fidan Qurbanova ilə 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov.

 

Fidanın 10 barmağında 10 qabiliyyət

 

Anası deyir ki, dərslərində daha yaxşı nəticələr göstərirdi. Tələbə olmağı çox istəyirdi. Ən önəmlisi özünü tanıyır, nəyə qadir olduğunu bilirdi. Müəllim olacağını deyirdi. Bunun üçün də əlavə məşğələlərə gedib daha yaxşı hazırlaşmaq istəyirdi.

 

Təranə  Qurbanova  qızı  ilə  Şəhriyarın arasındakı bağlılıqdan da danışır: Biri-birindən heç ayrılmırdılar. Sadəcə əmiuşağı deyildilər. Şəhriyar Fidanın dostu,  sirdaşı  idi.  Ən   çox   onunla   vaxt  keçirirdi.  Elə bir yerdə də getdilər”.

 

Çox bacarıqlı idi, Fidan. Rəsm çəkir, maraqlı fiqurlar düzəldir, tikmələr tikirdi: “Mənim belə şeylərə həvəsim yoxdu. O, xalasına oxşamışdı. Tikir, düzəldir, əl işlərinin şəklini xalasına yollayır, onun fikrini, məsləhətini alırdı. Çox həvəsliydi.  Həmişə  gülürdü.  Ona deyirdim ki, az gülsün. Ancaq xeyri yoxuydu. Onun da mənə  iradları olurdu. Mənə “özünü müdafiə etməyi bacarmalısan”, - deyirdi.

 

Ancaq özü-özünü müdafiə edə bilmədi. Təkbətək, üz-üzə savaş deyildi ki, özünü qorusun. Bir xainin, qorxağın meydanda üz-üzə gələ bilmədiyi rəqibinə qarşı uzaqdan-uzağa atdığı, atıb qaçdığı bir daş idi, təsadüfən gözümüzə  dəyən daş...

 

“Sinfin inzibatçısı o idi”

 

Müharibə və təsadüf. Nə qədər qəribə səslənsə də, işğalçıdan gələn bəlada bir təsadüf axtardı onu tanıyanlar, sevənlər. Təsadüfə bir bax! Təsadüf bütün gün bir yerdə olan Qurbanovların onlara məxsus bir evdən o birinə getməsiydimi? Heç Fidanın əmisigildə olmağında da təsadüf yox idi.  Fidanın sinif rəhbəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin biologiya müəllimi Kəmalə Şahmuradova təsadüfü topun o evə, hətta o kəndə düşməyində axtarıb: “Savaş başlayandan bəri heç vaxt Qaşaltı Qaraqoyunluya top düşməmişdi. Başqa kəndlərimizə, şəhərə düşmüşdü. Ancaq Qaşaltı Qaraqoyunlu kəndində bu, olmamışdı. Görünür, əvvəlki topun hara düşdüyünə baxmaq üçün hamısı evin girişinə yığışıblar. Təsadüfən kəndə düşən top onların evinə düşüb və hamısı bir yerdə olduğundan heç biri xilas ola bilməyib”.

 

Kəmalə müəllim Fidanı V sinifdən tanıyır. Dediyinə görə, şagirdi təhsilində çalışqanlığı, məsuliyyəti ilə təsadüflərə heç şans buraxmayıb: “V sinifdən onun sinif rəhbəriyəm. Biologiya fənnini də onlara mən tədris edirəm. Ağıllı, tərbiyəli, çalışqan şagirdlərimdən idi. Mart ayından onlayn dərslər keçirilir. Sinif yoldaşları interneti tez-tez bəhanə edib aradan çıxmağa çalışsa da, Fidanın bəhanə irəli sürdüyünü görmədim. Onlayn dərslərin təşkili üzrə sinfin inzibatçısı o idi. Sinif yoldaşlarına da onu nümunə göstərirdim. Kənddə internet yoxdusa, qoy, Fidanda da olmasın, deyirdim. Biologiyanı yaxşı oxuyurdu. Bu fənnə qarşı çox həvəsliydi”.

 

Əynində hərbi geyim, əlində qarmon, dilində “Sıravi Əhməd”!

 

Kəmalə Şahmuradova Şəhriyarın da müəllimi olub: “Həyat bilgisi” fənnindən dərs demişəm. Çox tərbiyəli uşaq idi. Gücü çatdığı qədər tapşırıqları yerinə yetirməyə çalışırdı. Ancaq daha çox musiqiyə həvəs göstərirdi”.   

 

22 ilin müəllimi, Şəhriyarın sinif rəhbəri İlhamə Mustafayeva isə onun  gözlərini, sakit baxışlarını unuda bilmir: “Çox sakit, üzüyola uşaq idi. II partada otururdu. İndiyədək ondan heç kim şikayət etməmişdi. Naftalan şəhər musiqi məktəbində oxuyurdu. Bütün tədbirlərimizdə fəal iştirak edirdi. Qarmonda çalıb oxuyurdu. Xocalı faciəsinin ildönümü ilə bağlı məktəbimizdə keçirilən tədbirdə Fidan da, o da çox fəal iştirak elədilər. Fidan qara kəlağayıda şeir dedi, Şəhriyar hərbi geyimdə qarmonda ifa elədi. Ümumiyyətlə, onsuz hər hansı tədbirimizi təsəvvür edə bilmirəm”.

 

Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin tədris hissə müdiri Arifə Bağırova da Şəhriyarı tədbirlərdən tanıyır: “Məktəbimizin tədbirlərində ikisi də çox fəal iştirak edirdi. Şəhriyarı “Sıravi Əhməd” mahnısı ilə xatırlayıram. Ən çox onu oxuyardı. Ancaq Fidanın Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimi idim. Bu fənn üzrə imtahanlarını verə bilməsi üçün əlavə hazırlıq da keçirdim. Hazırlıqlara başlayandan xeyli dönüş yaranmışdı, bilik səviyyəsini çox inkişaf etdirmişdi.

 

Bibisi Təranə də Şəhriyarı əlində qarmonla xatırlayır: “Şəhriyar qarmonu sevirdi. Qarmonda ifa etməyi bacarır, bu istiqamətdə musiqi təhsili alırdı. Qarmon müəllimi olacaqdı”.

 

Onlar Böyük Vətən Müharibəsinin şəhidləridir

 

Fidanla Şəhriyar da yazdırdı adını o siyahıya. Ərazi bütövlüyümüz uğrunda apardığımız müharibənin ilk qurbanları deyil onlar. Bu savaşda itirdiyimiz ilk uşaqlar, ilk məktəblilər az deyil. Onların ünvanı şəhidlikdi. Qanı ilə tarix yazan,  torpağı vətənə çevirən ŞƏHİD! O şəhid ki, bir qatil gülləsinə qurban gedərkən boyundan, yaşından böyük missiya yerinə yetirir, qanı ilə tarix yazır. Böyük Vətən Müharibəsinin məktəbli şəhidləri də məhz belə etdilər. Bir ailənin gülüşü, sevinci ikən, böyük bir tarixi keçmişi olan  millətin itkisi oldular.

 

“Mənə deyirlər, o cür uşağı necə qoydun torpağa?”, - deyir Fidanın anası, Şəhriyarın bibisi Təranə xanım. Yarası hələ təzə olan bir ana nə cavab verə bilər ki? Axı, bildiyimiz, yanıb-yaxılıb verdiyimiz bir sualdır bu. Cavabı da bəllidir: “Torpaq” dediyimiz Vətəndi. Onları da əvvəlkilər kimi Vətən torpağına əmanət etdik. Yerində yeni fidanlar cücərsin deyə. 

 

Yeni mənzilin mübarək, ŞƏHİD bala. Ruhun şad, yerin cənnət olsun. Qanın yerdə qalmayır!  

 

Ruhiyyə DAŞSALAHLI