Sentyabrın 4-də “TələbəPlus” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, imzalanma mərasimində ADPU-nun və TİF-nin rəhbərliyi, Kapital Bankın nümayəndələri, eləcə də universitetin aktiv tələbələri iştirak ediblər.
 
Təhsilin İnkişafı Fondunun Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur.
 
Açılış nitqi ilə çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov vahid tələbə kartı yanaşmasının müsbət tərəflərindən bəhs edərək, layihə üzrə ilk olaraq ADPU ilə müqavilə imzalanmasını yüksək qiymətləndirib və tələbələr üçün olduqca faydalı olacaq bu təşəbbüs üçün Fonda minnətdarlığını bildirib. Qeyd olunub ki, yeni tədris ilindən tələbələrin istifadəsinə veriləcək bu kartların giriş-çıxış, debet, ödəniş kartı kimi istifadədən əlavə, endirim, güzəşt və kəşbək imkanları təklif edəcək.
 
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
 
Layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır.