“Bu il işğaldan azad olunmuş ərazilərdə bir neçə məktəbin açılışı planlaşdırılır”. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, AzTV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
O bildirib ki, Şuşa şəhər 1 nömrəli məktəb, Xankəndi şəhərində tarixən Azərbaycandilli məktəb olan Nizami Gəncəvi adına 4 nömrəli məktəb, o cümlədən Xocalı şəhərindəki məktəb və bir sıra digər kəndlərdəki məktəblərdə də artıq tədrisə hazırlıq prosesi tam başa çatıb: “Bu məktəblərin hər birində bir neçə yüz şagirdin olmağı gözlənilir. Artıq Füzuli, Laçın və Cəbrayıl şəhərlərində də məktəbin açılması planlaşdırılır. Builki şagird sayı artıq min nəfərlərlə ölçüləcək”.
 
Nazir qeyd edib ki, Kəlbəcər şəhərindəki məktəb fərqli model üzərində qurulur: “İlk dəfə olaraq kompleks formatında həm uşaq bağçası, həm məktəbəqədər təhsil müəssisəsi, həm peşə təhsili sinifləri, eyni zamanda STEAM və məktəbəhazırlıq 
bölmələrini də özündə birləşdirəcək. Bu mənada hesab edirəm ki, Kəlbəcər sakinlərini və burdakı azyaşlı şagirdlərimiz üçün dövlət başçısı tərəfindən çox böyük hədiyyə olacaq”.