Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağ müzakirələri”nə start verilib.

 

Facebook üzərindən canlı yayımlanan ilk müzakirə “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusunda olub.

 

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən müzakirələrdə millət vəkili Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC İAETİ-nun dosenti Fərhad Mikayılov iştirak ediblər.

 

30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın demək olar ki, hamısının azad edildiyini bildirən UNEC rektoru hazırda qarşıda duran ən önəmli məsələlərdən birinin də işğal nəticəsində ölkəmizə dəymiş zərərin qiymətləndirilməsi olduğunu deyib. Bildirib ki, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı, eləcə də münaqişə dövründə Azərbaycana dəymiş maddi, iqtisadi zərərlərlə yanaşı, ekoloji və sosial sahələrə, eləcə də insan həyatı və sağlamlığına vurulan zərərlər araşdırılıb qiymətləndirilməlidir.

 

Sonra dosent Fərhad Mikayılov işğal nəticəsində Azərbaycana dəymiş zərərin  qiymətləndirilməsinin metodoloji əsaslarını və riyazi modellərini açıqlayıb. O, araşdırma zamanı işğal nəticəsində dəymiş zərərin maddi, mənəvi, psixoloji istiqamətlərdə aparıldığını və qiymətləndirmədə beynəlxalq təcrübənin nəzərə alındığını diqqətə çatdırıb.

 

Atatürk Universitetinin professoru Kərəm Karabulut Qarabağla bağlı ilkin araşdırmalarını açıqlayıb, ortaya çıxa biləcək zərərlər və diqqət olunacaq məqamlar barədə məlumat verib. Onun hesablamalarına görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon 150 milyard dollar həcmindədir. O, təzminatın ödənilməsinin beynəlxalq təcrübəyə əsasən aparıla biləcəyini vurğulayıb. Qarabağın yeraltı və yerüstü sərvətlərinin zənginliyinə diqqət çəkən professor, bu ərazinin ölkə iqtisadiyyatında önəmli payının olduğunu da bildirib.

 

Millət vəkili Mahir Abbaszadə mövzunun aktuallığını vurğulayaraq, zərərin qiymətləndirilməsində beynəlxalq təcrübədəki yanaşmalara diqqət çəkib. O, Ermənistanın törədiyi iqtisadi, ekoloji, sosial cinayətlərin yalnız Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədildiyini deyib.

 

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov isə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən sosial-iqtisadi zərərlər barədə təqdimatla çıxış edib. O, 600-dən çox sənaye və kənd təsərrüfatı, 700-dən çox səhiyyə müəssisəsi, 700-ə yaxın məktəb, eləcə də milli mədəni irs nümunələrinin, məscidlərimizin dağıdıldığını və meşə ərazilərinin məhv edildiyini diqqətə çatdırıb.

 

Müzakirələrdən sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.