Bakı Dövlət Universiteti (BDU) yeni bir layihəyə başlayıb. Layihə çərçivəsində Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyəti təhlil ediləcək, müvafiq analitik tədqiqatlar aparılacaq.

 

Universitetdən bildirilib ki, layihəyə rəhbərliyi onun ideya müəllifi BDU-nun rektoru Elçin Babayev həyata keçirəcək. Layihə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən, ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə media və informasiya savaşı ilə bağlı bir çox məsələlərin tədqiqinə həsr olunub.

 

Layihənin işçi qrupuna BDU-nun jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Qrupun tərkibində 4 bölmə fəaliyyət göstərəcək.

 

İşçi qrup Azərbaycan Prezidentinin xarici KİV-ə müsahibələri, bu müsahibələrin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzolunmaz rolu, eləcə də Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, beynəlxalq jurnalist təşkilatlarının mövqeyi, ölkə mediasının fəaliyyəti, BDU əməkdaşlarının bu dövrdə yerli mediada çıxışlarının təhlili istiqamətində müvafiq analitik hesabat hazırlayacaq.

 

Hesabat hazırlanarkən jurnalistikanın elmi prinsiplərinə, beynəlxalq jurnalist təşkilatlarının təcrübəsinə, beynəlxalq jurnalistikanın normalarına, həmçinin beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad ediləcək.

 

İşçi Qrupun fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat veriləcək, layihənin nəticələri Azərbaycan və xarici dillərdə kitab, məqalələr şəklində nəşr olunacaq.