Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşı olduğu şirkətlər ilə “UniLab” layihəsi çərçivəsində onlayn fokus qrup müzakirə (focus group discussion) keçirilib.

 

Onlayn formatda keçirilən müzakirədə 20-dən çox dövlət,  özəl müəssisə rəhbərləri və əməkdaşları iştirak edib. Tədbirdə tələbə və məzunların istehsalat təcrübəsinə cəlb olunması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi məsələlərin əsas aspektləri müzakirə olunub.

 

Universitetdən bildirilib ki, tədbirdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov, beynəlxalq əlaqələr üzrə prorektorun müavini Ülviyyə Abbasova, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Emin Bəylərov, “Azercell” şirkətinin İnsan kapitalının idarə edilməsi departamentinin mütəxəssisi Leyla Tağıyeva çıxış ediblər.

 

Çıxışlarda “UniLab” layihəsi haqqında məlumat verilib, şirkətlərlə əməkdaşlığın ali təhsil ocağının prioritet istiqaməti olduğu vurğulanıb. Həmçinin təcrübə proqramlarının tələbələrin səriştələrə yiyələnməsində əhəmiyyətindən danışılıb. Şirkətlərlə əməkdaşlıqda təlim və treninqlərin intensiv şəkildə keçirilməsinin vacibliyi qeyd edilib.

 

Müzakirə zamanı tələbə və məzunların şirkətlərə təcrübəyə cəlb olunması və işlə təmin olunması istiqamətindəki çatışmazlıqlara da toxunulub.