Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunda yüksək keyfiyyətli və müxtəlif kateqoriyalı hidravlika yağlarının istehsalı həyata keçirilir.

 

YT Parkdan verilən məlumata görə, yüksək təzyiq altında işləyən hidravlik sistemlərin yağlanması üçün istifadə olunan hidravlika yağları aviasiya texnikası, yerüstü və dəniz nəqliyyatında geniş tətbiq olunur. Bu yağlar yüksək gərginlikdə və kəskin temperatur dəyişməsində işləyən tikinti maşınlarının, yol-tikinti texnikasının, qaldırıcı qurğuların və sənaye avadanlıqlarının hidravlik sistemlərinin yağlanması üçün istifadə edilir. Onlar yuxarı kinematik özlülüyə, eləcə də yeyilməyə qarşı davamlı xüsusiyyətlərə malikdir.

 

YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunda hidravlika yağlarının istehsalı ilə bağlı bütün zəruri maddi-texniki baza mövcuddur. Burada özlülük sinfinə və istifadə şərtlərinə əsasən müəyyən edilmiş HYDRAULIC HPL 15, 22, 32, 46, 68, 100, 150 və s. istismar qrupları üzrə yüksək keyfiyyətli hidravlika yağları istehsal edilir.

 

Zavodda hidravlika yağlarının istehsalı zamanı ətraf mühitin qorunması, əhalinin sağlamlığı, ekoloji təhlükəsizliyin təmini və s. kimi tələblərə ciddi riayət olunur.