Mingəçevir Dövlət Universitetində (MDU) iqtisadiyyat və idarəetmə, pedaqoji və mühəndislik  fakültələrinin I, II, III və IV  kurs tələbələri ilə görüşlər keçirilib.  

 

Microsoft Teams platforması üzərindən online formatda keçirilən görüşlər universitetdə tədrisin distant təşkili məsələlərinə həsr edilib.

 

Qeyd edilib ki, Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə məsafədən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində universitetdə zəruri tədbirlər həyata keçirilib və müvafiq imkanlar yaradılıb. Elektron formatda bütün mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitləri, eləcə də 1000-dən artıq videodərslər təhsilalanların ixtiyarına verilib.

 

Sonra mövcud reallıqlar, həssas nüanslar nəzərə alınmaqla, builki  semestrdə tələbələrin cari və aralıq qiymətləndirilməsinin güzəştli şərtlər əsasında həyata keçiriləcəyi xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, tələbələrə güzəşt kimi hər fənn üzrə yalnız bir sərbəst iş yazmaqla 10 bal, dərslərdə müəyyən fəallıq göstərməklə 10 bal və sadələşdirilmiş bir kollokviumdan keçməklə 30 bal qazanmaq imkanları yaradılıb.

 

Bundan əlavə, hər fənn üzrə 30 kollokvium və 50 imtahan sualının qısaldılmış cavab mətnlərinin elektron formada tələbələrə əvvəlcədən təqdim olunmasının şifahi şəkildə keçiriləcək kollokvium və imtahanlara hazırlıq prosesinin asanlaşdırılması məqsədinə xidmət edəcəyi qeyd olunub.

 

Daha sonra tələbələrin sualları cavablandırılıb, rəy və təkliflərə münasibət bildirilib. Bununla yanaşı, mövcud həssas şəraitdən irəli gələrək tələbələrin fərdi problemləri, tədris prosesinə fəal surətdə qoşulmalarına mane olan çətinlikləri öyrənilib, onların həlli istiqamətində müvafiq tövsiyələr verilib.

 

Hazırda universitetin rəhbərliyi, struktur bölmələri, müəllimlər və tələbələr arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün online resurslardan və alətlərdən istifadə edildiyi, tədris prosesinin gedişatında tələbələri maraqlandıran bütün suallara bu virtual platformalar üzərindən cavab verilməsinin mümkünlüyü də qeyd olunub.

 

Sonda tələbələr yaradılan şəraitə və tətbiq edilən güzəştlərə görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.