Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, eləcə də “Azərtütün ASK” MMC-nin mütəxəssislərinin iştirakı ilə “Azərbaycanda tütünçülük: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

 

Konfransın məqsədinin Prezidentin Sərəncamı ilə təsdiq edilmiş  “2017-2021-ci illərdə Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı üçün həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğu diqqətə çatdırılıb.

 

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Dövlət Proqramının icrası müddətində universitetdə görülən işlər barədə ətraflı məlumat verib. Universitetdə  kadr hazırlığı məsələləri, tütünçülüyün elmi əsaslarla təşkili və  fermerlərə göstərilən Aqrar Məsləhət Xidmətindən geniş bəhs edib.

 

Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı, dosent Sevinc Məmmədova aparılan tədqiqat işləri, yaradılmış tütün sortları, Azərbaycanda tütünçülük ənənələri və genofond barədə məlumatları təqdimat edib.

 

Məruzəçilərdən “Azərtütün ASK” MMC-nin baş aqronomu Hacı Hacıyev, baş texnoloqu Mərdan Qasımov tütünçülük sahəsində Azərbaycanda, dünyada mövcud vəziyyət, qlobal iqlim dəyişmələri şəraitində tütünçülük təsərrüfatlarında fəaliyyətlərin təşkili, tütün və tütün məhsullarının iqtisadi əhəmiyyəti, tütünçülükdə innovativ texnologiyaların tətbiqi, milli brendlərin yaradılması, rəqabət qabiliyyətinin, məhsul ixracının artırılması istiqamətində müəssisədə görülən işləri diqqətə çatdırıblar.

 

ADAU-nun professoru Firuddin Qurbanov  işğaldan azad olunan ərazilərdə tütün istehsalının inkişaf perspektivi barədə təkliflərini səsləndirib.

 

Sonra universitetin Təcrübə və karyera mərkəzinin müdiri Gülnaz Əsgərzadə və mərkəzin müdir müavini Xalıq Xəlilov tələbələrin istehsalat təcrübələrinin təşkili haqqında geniş məlumat verib, müəssisələrlə imzalanmış müqavilələr barəsində təqdimat edərək gələcəkdə əməkdaşlığın inkişafının vacibliyini vurğulayıblar.

 

Sonda tədbir iştirakçıları qarşılıqlı marağa səbəb olan suallar ətrafında geniş fikir mübadiləsi aparıblar.