Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) dünyada mövcud innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, innovativ təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə hər zaman dəstək verir. AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye neft qazlarının, neft, neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər eksperimentlər həyata keçirilir. Müasir tələblərə cavab verən və ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş bu laboratoriyanın fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə mütəmadi işlər görülür.

 

Bu məqsədlə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə “İntertek Azeri LTD” MMC arasında Texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanlarından birgə istifadə etməklə təcrübə-test-sınaq işlərinin təşkilini həyata keçirməyi nəzərdə tutan əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Dünya miqyasında sənaye üçün aparıcı keyfiyyət təminatçısı olan “İntertek” şirkəti 100-dən artıq ölkədə 1000-dən çox laboratoriya və ofisdən, eləcə də 46.000-dən çox əməkdaşdan ibarət şəbəkəni əhatə edir. Şirkət innovativ və sifariş əsaslı zəmanət, test, yoxlama, sertifikatlaşdırma həlləri təqdim edir.

 

Şirkətin ölkəmizdəki nümayəndəliyi “İntertek Azeri LTD” MMC 1997-ci ildən laboratoriya, sertifikasiya və inspeksiya sahələri üzrə aparıcı müəssisələrdən biri olmaqla, neft, kimya, dağ mədən, su, qida, turizm, dəniz, hava nəqliyyatı və digər sahələr üzrə xidmət göstərir.