Azərbaycan Milli Elmlər Akademiyasının  Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin, İnsan genetikası və Beynəlxalq kompüter genomikası laboratoriyalarının bir qrup əməkdaşı (M.Abbasov, B.Bayramov, Ş.Abdulrəhimli, G.İsmayılova, X.Bayramova) “Sklet əzələsinin riyaziyyatı: Sümük biologiyasının post-genom analizi” adlı onlayn konfransda iştirak ediblər.

 

Konfrans Avropa Birliyinin COST proqramı çərçivəsində İsrailin Bar-İlan Universitetinin tibb fakültəsi tərəfindən təşkil olunub. Tədbirdə sklet əzələsinin post-genom analizinə həsr edilən genomika, tibbi genetika və bioinformatika üzrə İsrail, Hollandiya, Çin, İrlandiya, Danimarka, Almaniya, İsveçrə, ABŞ, Avstraliya, Sinqapur və İtaliyadan tanınmış alimlər təqdimatlarla çıxış edib və geniş müzakirələr aparılıb.

 

Qeyd edək ki, Genetik Ehtiyatlar İnstitutu COST proqramı çərçivəsində 2021-2023-cü illərdə Avropanın müxtəlif ölkələrinin, İsrailin, Türkiyənin tanınmış universitetləri və tədqiqat mərkəzləri ilə birlikdə tibbi genetika, genomika, bioinformatika üzrə tədqiqat işi aparacaq və kadr hazırlığını həyata keçirəcək.