Bakı Dövlət Universitetində (BDU) kimya fakültəsinin Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunan "Koordinasion birləşmələr kimyası" mövzusunda VIII Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

BDU-nun rektoru Elçin Babayev virtual konfransda kimya fakültəsinin kimya elminin inkişafındakı rolu haqqında məruzə ilə çıxış edib. Analitik kimya kafedrasının inkişafında akademik Rəfiqə Əliyevanın müstəsna xidmətlərini diqqətə çatdırıb. Rektor son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən, universitetin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərdən bəhs edib.

 

E.Babayev kimya fakültəsinin ölkədə geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik kimyaçı kadrların hazırlanmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Kimya fakültəsinin tarixi və inkişaf yolu barədə danışan fakültənin dekanı Abdulsəyid Əzizov kimya təhsilinin yaranmasında və inkişafında BDU-nun fundamental baza olduğunu bildirib, kafedranın əldə etdiyi elmi nailiyyətlər, araşdırmalar və elmi əlaqələrindən bəhs edib.

 

Daha sonra Analitik kimya kafedrasının müdiri Famil Çıraqov, Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktor müavini Məhəmməd Babanlı, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Fiziki və kolloid kimya kafedrasının professoru Cəbrayil Mirzai, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının professoru Nailə Verdizadə Analitik kimya kafedrasında aparılan elmi araşdırmaların kimya elminə verdiyi töhfələrdən, elmi-pedoqoji kadrların hazırlanmasında görülən işlərdən danışıb, xatirələrini bölüşüb, təbrik nitqləri səsləndiriblər. Qeyd olunub ki, Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir və BDU-nun kimya sahəsində gördüyü işlər təqdirəlayiqdir.

 

Konfransda Türkiyə, İran, Portuqaliya və Almaniyadan nüfuzlu kimyaçı alimlər də iştirak ediblər.