Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) rəhbərliyinin iştirakı ilə Botanika İnstitutunun 2020-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.

 

Onlayn iclasda AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri - Novruz Quliyev, İbrahim Əzizov, Pənah Muradov, professor Ulduz Həşimova, dosent Vahid Fərzəliyev  və Botanika İnstitutunun Elmi şurasının üzvləri iştirak ediblər.

 

İnstitutun 2020-cı il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzəni qurumun direktoru, akademik Validə Əlizadə təqdim edib.

 

Direktor 2 istiqamətə uyğun, 2 problem çərçivəsində 11 mövzunu əhatə edən 17 işin 50 mərhələsi üzrə elmi- tədqiqat işlərinin yerinə yetirildiyini və cari ildə bütün mövzuların tamamlandığını qeyd edərək, şöbə və laboratoriyalarda il ərzində əldə olunmuş ən mühüm nəticələri açıqlayıb.

 

Məruzəçi hesabat ilində institut üzrə dərc edilmiş 101 elmi əsərin 1 kitab, 3 kitab fəsli (2-si "Springer" nəşriyyatında olmaqla hər 3-ü xaricdə), 66 məqalə (43-ü xaricdə) 31 tezisdən (6-sı xaricdə) ibarət olduğunu, o cümlədən nüfuzlu elmi dərgilərdə işıq üzü görmüş 20 məqalədən 14-nün "Web of Science", 4-nün "Scopus", 1-nin "Copernicus" indeksli olduğunu qeyd edib və cari ildə əməkdaşların əsərlərinə 351 (Google Scholar) istinad edildiyini bildirib.

 

O, eləcə də kadr hazırlığı, magistratura, doktorantura və dissertantura təhsili, ali məktəblərlə əlaqələr, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, habelə beynəlxalq əlaqələr, layihələr üzrə işlər, xarici ölkələrə elmi səfərlər, yerli, beynəlxalq səviyyəli konfrans və digər tədbirlərdən ətraflı şəkildə bəhs edib. Məruzəçi sonda institutun dayaq məntəqələrində aparılmış işlər, maddi-texniki təchizat və sosial məsələlərlə bağlı müvafiq məlumatları da təqdim edib.

 

Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb və hesabat qənaətbəxş sayılıb.