Bakı Slavyan Universitetinin (BSU)  Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində keçirilən müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunan esse müsabiqəsi başa çatıb.

 

Universitetdən bildirilib ki,  “Ulu öndər Heydər Əliyev və onun uzaqgörən siyasəti” mövzusunda keçirilən esse müsabiqəsində əsas məqsəd dünya şöhrətli dövlət xadimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik fəaliyyətini tələbə-gənclər arasında daha geniş təbliğ etməkdir.

 

Qeyd edək ki, müsabiqədə 3 yer nəzərdə tutulub. Ən dolğun yazılan esselər seçilib və I yerə Xanım Qasımova, II yerə Gülnar Qənbərzadə, III yerə Zəminə Məmmədova layiq görülüb. Müsabiqədə könüllü iştirak edən və III yerə layiq görülən Z.Məmmədova Mingəçevir Dövlət Universitetinin tələbəsidir.

 

Müsabiqənin qalibləri sertifikatla təltif edilib.