Bakı Ali Neft Məktəbində (BANM) Ramiz Rövşənin anadan olmasının 74 illiyi münasibətilə poeziya gecəsi keçirilib. 

 

Onlayn platformada təşkil olunan  poeziya gecəsində görkəmli şairlə bərabər, BANM-in rektoru Elmar Qasımov,  ali məktəbin professor-müəllim heyəti, tələbə, məzunları və onların valideynləri, ümumilikdə 800 nəfərədək Ramiz Rövşən poeziyasını sevənlər iştirak edib. 

 

Tədbirdə R.Rövşənin həyatına dair videoçarx nümayiş olunub. 

 

Ali Məktəbin tələbələri şairi öz şeirləri ilə salamlayıb. 

 

İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Xəyal Fərzəliyev “İlan balası”, “Azad qadın heykəlinə”, Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Nigar Məmmədova “Ay işığı”, Nilufər Əsgərzadə “Bir səhər yuxudan durub”, Fidan Aslanova  “Dünya”, Pəri Həbibova  “Qara paltarlı qadın”, Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Nigar Bayramova “Bir qəfil  zəng”, Kimya mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Fatimə Məmmədova “Gedək biz olmayan yerə”, Neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Məhəmməd Mikayılov “Çarmıxa çəkilmiş İsa”,  Kimya mühəndisliyi ixtisasının 1-cü kurs tələbəsi Türkan Zeynalzadə isə  “Ayrılıq“ şeirlərini ifa ediblər. 

 

Gənc mühəndislərin yüksək qiraətçilik və poeziya duyumundan təsirlənən şair tələbələri Azərbaycanın gələcək intibahı adlandırıb. 

 

“Şeirlər ustalıqla və ürəkdən ifa edildi. Onların yüksək qiraətçilik bacarığı, dili dərindən duymaqları məni həm heyrətləndirdi, həm də olduqca sevindirdi. BANM yalnız yüksəkixtisaslı mühəndislər yetişdirmir, həm də şairlər məktəbi imiş”- deyə əlavə edib. 

 

Gənc mühəndislər arasında çoxsaylı oxucusu olduğundan məmnunluğunu ifadə edən Xalq şairi tezliklə “Bu dünyanın hər sifəti” adlı yeni şeirlər kitabının çapdan çıxacağının da müjdəsini verib. 

 

Tələbələrin çoxsaylı suallarını cavablandıran R.Rövşən şeirlərini səsləndirən tələbələr arasından ən çox ifasını bəyəndiyi Nigar Bayramovaya imzalı kitabını hədiyyə edib.