Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilinin tətbiqi, onun tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi” mövzusunda elmi-praktik seminar keçirilib.

 

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti (BDU), UNEC, Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları iştirak ediblər.

 

Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Həbib Mirzəyev AzTU-da aparılan struktur islahatları və əldə edilən uğurlu nəticələr barədə iştirakçılara məlumat verib. Universitetdə dövlət dilinin tətbiqi, tədrisi, o cümlədən təbliği və təşviqi istiqamətində əldə edilən uğurlardan bəhs edib, mövcud istiqamətə uyğun olaraq Dil Mərkəzinin yaradılmasını çox əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi önə çəkib.

 

Daha sonar seminar məruzələrlə davam edib.

 

Prezident yanında Dövlət Dil Komissiyasının üzvü, AMEA Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Nitq mədəniyyəti və norma”, Prezident yanında Dövlət Dil Komissiyasının üzvü, Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlinin “Azərbaycan lüğətçiliyində yeni istiqamətlər”, Dilçilik İnstitunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmlinin “Nitq mədəniyyətinin inkişaf etdirilmə yolları”, BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri,  professor İlhamə Hacıyevanın “İşgüzar ünsiyyətdə dialoq janrları”, SDU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Böyükxanım Eminlinin “Qeyri-verbal kommunikasiya”, UNEC-in Azərbaycan dili kafedrasının dosenti Aynur Qədimaliyevanın “Akademik yazının əsas xüsusiyyətləri və növləri” mövzusunda məruzələri dinlənilib.

 

Sonda alimlər seminar iştirakçılarının suallarını cavablandırıblar.