Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Professorlar  Klubunda növbəti görüş kecirilib.

 

Professorlar Klubunun sədri, Maliyyə və maliyyə institutları kafedrasının mudiri, professor Əvəz Ələkbərov başa çatmaqda olan 2020-ci ilə qısa nəzərə salaraq, ölkədə pandemiya səbəbi ilə baş verən dəyişikliklər və UNEC-in bu istiqamətdə atdığı addımlardan danışıb.

 

Pandemiya dövründə UNEC-də distant təhsil modelinin uğurla tətbiq olunduğunu diqqətə çatdıran professor bu təhsil modelinin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. Pedaqoji heyətin texniki bilik və bacarıqlarının yüksəldilməsi məqsədilə mütəmadi olaraq təlimlərin keçirildiyini və bu proseslərin müsbət nəticələr verdiyini vurğulayıb.

 

2020-ci ildə UNEC-in 90 illik yubileyinin qeyd edildiyini deyən Ə.Ələkbərov bu münasibətlə universitetin bir sıra əməkdaşlarının dövlət səviyyəsində təltif edilməsinin ölkə rəhbərliyinin bu ali təhsil ocağında çalışan əməkdaşlara göstərdiyi diqqətin bariz nümunəsi olduğunu  bildirib.

 

O, 2020-ci ildə Azərbaycan tarixində möhtəşəm Zəfər salnaməsinin yazıldığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdüyü, torpaqlarımızı işğalçılardan təmizlədiyi, ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etdiyini söyləyib. Bu haqlı mübarizədə Azərbaycanın həm hərbi, həm də siyası meydanda qalib xalq və məğlubedilməz dövlət kimi özünü təsdiq etdiyini deyib. Ə.Ələkbərov Professorlar Klubunun növbəti görüşünün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada təşkil olunacağını qeyd edib.

 

Görüşdə elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov, kafedra müdiri, professor Arif Şəkərəliyev, Magistratura Mərkəzinin direktoru, professor Qalib Manafov və klubun digər üzvləri 2020-ci ildə universitetdə aparılan islahatlar, ölkəmizdə və dunyada baş vermiş hadisələrlə baglı fikir mübadiləsi aparıblar.