Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi Microsoft Teams platforması üzərindən I tədris ili tələbələri ilə silsilə onlayn görüşlərə başlayıb.

 

Universitetdən bildirilib ki, 3 gün davam edəcək görüşlərdə iştirak üçün ümumilikdə, cari tədris ilində ADPU-ya qəbul olunan azərbaycanlı və türk tələbələrindən 1000-ə qədəri qeydiyyatdan keçib. İlk görüşdə təxminən 400 tələbə iştirak edib, yanvarın 6 və 7-nə planlaşdırılan növbəti görüşlərin hər birində isə 300 tələbənin iştirakı gözlənilir.

 

Görüşdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədris departmentinin müdiri, dosent Sənan Əliyev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak edib.

 

Görüşdə Vətən müharibəsi, yekunlaşan distant tədris semestrinin nəticələri, bu  baxımdan xüsusən I tədris ili tələbələrinin üzləşdikləri çətinliklər və universitetlə demək olar ki, canlı əlaqə olmadan virtual mühitdə başladıqları tədris ilinin özünəməxsusluğunun yeni pedaqoji-psixoloji aura yaratması haqqında danışılıb. Həmçinin yanvarın 11-dən etibarən başlanacaq onlayn imtahan sessiyası ilə bağlı tələbələrlə ətraflı metodiki söhbətlər aparılıb, onları maraqlandıran onlayn ictimai fəaliyyətə, tədris və texniki məsələlərə dair suallar cavablandırılıb.