Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə Ukraynanın Boris Qrinçenko adına Kiyev Universitetinin jurnalistika və yeni media və nəşriyyat işi fakültələrinin tələbələri üçün mühazirə keçirilib. Mühazirə "Azərbaycan multikulturalizmi" kursunu keçən universitet tələbələrinin istəyi ilə baş tutub.

 

"Azərbaycanın etnik müxtəlifliyi" mövzusuna həsr olunan mühazirəni BBMM-in tədris şöbəsinin müdiri, dosent İrina Kunina təqdim edib. Tələbələr müxtəlif millətlərin birgə yaşadığı Azərbaycan cəmiyyətində birləşdirici gücün nədən ibarət olması ilə bağlı çoxsaylı suallar səsləndirib. Onlar Azərbaycanda yaşayan etnik qrupların tarixi, adət-ənənələri  haqqında daha çox maraqlanıblar.

 

Xatırladaq ki, BBMM fəaliyyətə başladığı ilk dövrdən Azərbaycan multikulturalizmi modelinin təbliği, eləcə də xarici ölkə universitetlərində bir fənn kimi tədrisi layihəsini həyata keçirir. Hazırda dünyanın 20-dən artıq nüfüzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.

 

Bu barədə Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib.