Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (YT Park) elm və innovasiya yönümlü yerli şirkətləri rezident olmağa, Parkda yaradılan imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edir.

 

YT Park yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastruktura malikdir. Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq Parkın əsas məqsədlərindəndir.

 

Parkdan bildirilib ki, qurum innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı üçün böyük üstünlüklər təklif edir. Belə ki, Park ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar var. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

 

Həmçinin YT Parkın rezidentləri qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xəttləri ilə təmin olunur. Bu isə sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır.

 

Qeyd olunub ki, rezident olmaq istəyən namizədlər üçün YT Parkın www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.