Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi universitetə cari ildə qəbul olunan azərbaycanlı və türk tələbələrlə 3 gün ərzində keçirilən onlayn görüşləri başa çatdırıb. Microsoft Teams platforması üzərindən təşkil olunan görüşlər 1000 nəfərdən artıq tələbəni əhatə edib.

 

ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütәxәssisi Cavid Hüseynovun moderatorluğu ilə baş tutan görüşlərdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədris departamentinin müdiri, dosent Sənan Əliyev və Tədbirlərin təşkili, tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak edib.

 

Başa çatan görüşlərdə Vətən müharibəsində ADPU-nun şəhid olan doqquz  tələbə və məzunu, onlarla qazi tələbəsi haqqında söhbət açılıb, tədrisə məsafədən başlayan birinci tədris ili tələbələrinin bütün dünyada yaranan yeni situasiyada onlayn tədrisdə üzləşdikləri obyektiv və subyektiv çətinliklər, tədris və imtahan sessiyası, ictimai fəaliyyət, karyera və təhsil imkanları haqqında sualları cavablandırılıb. Qeyd olunub ki, mövcud obyektiv çətinliklər nəzərə alınaraq ADPU rəhbərliyi həmişə olduğu kimi, tələbələrin xeyrinə qərarlar qəbul etməklə distant tədrisin nəticələrinin qiymətləndirilməsində nümunəvi pedaqoji yanaşma ortaya qoyub.

 

Bu barədə ADPU-dan bildirilib.