Bakı Dövlət Universitetində (BDU) məşhur alim, Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin təqdimatında  “Koronavirusa qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda onlayn ustad dərsi keçirilib.

 

Universitetdən bildirilib ki, Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov görüşün məqsədi barədə məlumat verib. Alimin araşdırmalarının dünya tibb elminə verdiyi töhfələrdən söz açaraq, professorun elmi tədqiqatlarının əhəmiyyətindən danışıb. Tədqiqatında ilk dəfə olaraq malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar edildiyini, bunun epidemiologiya və kimyəvi terapiyada mühüm rola mailk olduğunu nəzərə çatdırıb. M.Süleymanov qeyd edib ki, A.Allahverdiyev müxtəlif beynəlxalq jurnallarda dərc edilən 180-dən çox elmi məqalənin, bir neçə ixtiranın, səmərələşdirici təkliflərin, Amerika və Avropada nəşr edilən kitabların müəllifidir.

 

Tibb elmləri doktoru, professor Adil Allahverdiyev Azərbaycanda yeni növ koronavirusla mübarizənin inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunduğunu vurğulayaraq, tələbə və gənc tədqiqatçılara mühazirə oxuyub. Alim COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, eyni zamanda vaksinlərin hazırlanması, DNT vaksinlərinin effektivliyi, koronavirusların MERS və SARS növləri barəsində təqdimatla çıxış edərək bir çox məsələlərə aydınlıq gətirib.

 

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev professor A. Allahverdiyevə maraqlı ustad dərsi üçün təşəkkür edib, gələcəkdə BDU ilə birgə yeni layihələrə imza atacaqlarına əminliyini vurğulayıb.