Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Elman Quliyev TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) "Abay 175 il" medalı ilə təltif edilib. Medal Qazaxıstanın Azərbaycandakı səfirliyində TÜRKSOY-un baş katibi Düsen Kaseinovun iştirakı ilə Azərbaycan abayşünaslarının təltif edilməsi mərasimində təqdim olunub. 

 

Məlumat üçün bildirək ki, 2020-ci il  TÜRKSOY  Nazirlər Şurasının qərarı ilə dahi ədib Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə bütün Türk dünyasında "Abay Kunanbayev ili" elan edilmişdi. Bu il çərçivəsində Türk dünyasının bütün elm ocaqlarında olduğu kimi, ADPU-nun TÜRKSOY kafedrasında da geniş elmi araşdırmalar aparılıb. Bunların içərisində xüsusən universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəri Elman Quliyevin tədqiqatları xüsusilə seçilib. Belə ki, professorun TÜRKSOY-un sifarişi ilə ərsəyə gətirdiyi "Abay Kunanbayev" kitabı Ankarada nəşr olunaraq TÜRKSOY xətti ilə Türk dünyasında yayılıb.

 

2020-ci ilin avqustun 10-da Ankarada Abayın 175-ci doğum gününə həsr edilmiş beynəlxalq onlayn konfransda bilavasitə bu kitabın təqdimatı keçirilib. Kitabda böyük ədib Abayın həyatı, yaradıcılığı, lirikası, poema və nəsr yaradıcılığı tədqiqata cəlb edilib.

 

Bundan başqa, E.Quliyev TÜRKSOY və digər təşkilatlar tərəfindən Abay yaradıcılığına həsr olunan 12 beynəlxalq konfransda məruzələrlə çıxış edib, müxtəlif canlı yayımlarda Abay yaradıcılığının fərqli aspektlərinə aydınlıq gətirib.

 

Bütün bu məhsuldar fəaliyyətin məntiqi yekunu kimi “Abay 175 il” medalına  layiq görülüb.