Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

 

İclasda Ekspertlər Şurasının sədri, akademik Rasim Əliquliyev, şuranın üzvləri, YT Parkın direktoru Vasif Abbasov, direktor müavini Zaur Nəhmətov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət edən müəssisənin nümayəndələri iştirak ediblər.

 

Akademik R.Əliquliyev tədbirin müasir texnologiyalar tətbiq etməklə xalça istehsalını həyata keçirən “Dadaş-N” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirib. O, YT Parkın bu kimi texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına, eləcə də elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verdiyini vurğulayıb.

 

Sonra “Dadaş-N” MMC-nin direktoru Nəsimi Dadaşov 1995-ci ildən fəaliyyət göstərən müəssisənin Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olduğunu bildirib. Direktor “Dadaş-N” MMC-də istər Azərbaycanın qədim xalçalarının, istərsə də müasir üslubda tikilən xalçaların istehsalı üçün ən son avadanlıqlardan hesab olunan Belçikanın “Van De Viele” şirkətinin kompüter proqramlı toxucu dəzgahından istifadə etməklə müxtəlif ölçülü xalçaların istehsal ediləcəyini diqqətə çatdırıb.

 

Hazırda daxili bazarda xalça, kilim, palaz və s. kimi məhsullara olan yüksək tələbatdan bəhs edən şirkət rəhbəri daxili tələbatı təmin etmək üçün yeni istehsal müəssisələrinin yaradılmasına ehtiyac duyulduğunu söyləyib. N.Dadaşov əlavə edib ki, müəssisə Azərbaycanda xalçaçılığın inkişafı ilə bağlı qəbul edilən qərar və proqramları rəhbər tutaraq istehsal sahəsini daha da inkişaf etdirməklə daxili təlabatın ödənilməsini, xalça və bu kimi məhsulların ixrac qabiliyyətinin artırılmasını, yeni iş yerlərinin açılmasını, eləcə də Azərbaycan bazarının xarici təchizatçılardan asılılığının azaldılmasını hədəfləyir.

 

Onun sözlərinə görə, xalçaçılıq sənətini daha da genişləndirmək, daxili bazarı təmin etmək və xaricə valyuta axınının qarşısını almaq üçün kompüter proqramlı bir neçə avadanlıq tələb olunur. Direktor rəhbərlik etdiyi müəssisənin YT Parkda açılacaq yeni xalça fabrikində istənilən növ (milli, klassik, modern) və ölçüdə xalça və kilim məhsullarının istehsal olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu avadanlıqların günlük istehsal gücü 1500-2000 kavdratmetr xalça məhsullarının toxunmasına imkan verir. Müştərilərin istəyi ilə istənilən standart və qeyri-standart ölçülərdə xalçalar toxumaq mümkündür. N.Dadaşov bildirib ki, xalça fabrikində xalça toxumaqla yanaşı, ondan sonrakı prosesləri də icra etmək üçün avadanlıqlar quraşdırılacaq.

 

İclasda “Dadaş-N” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusunun verilməsi qərara alınıb.