Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu, Vətən Müharibəsi şəhidi Əlihüseyn Məmmədovun Sabunçu rayonu ərazisində, yaşadığı binanın üzərində qoyulmuş xatirə lövhəsinin açılış mərasimi keçirilib.

 

Mərasimdə millət vəkili Vüqar İskəndərov,  ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, universitetin digər əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

 

Millət vəkili V.İskəndərov Ermənistanın hərbi təxribatına qarşı başlamış və 44 gün davam etmiş müharibədə Əlihüseyn kimi igid oğulların nəyə qadir olduqlarını bir daha sübut etdiyini və onların sayəsində əzəli torpaqlarımızın düşmən tapdağından azad olunduğunu deyib. Əlavə edib ki, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız and yerimizdir və onların adı hər zaman uca tutulacaq.

 

Dosent Ata Babayev şəhidin tələbəlik illərindən söz açıb. Qeyd edib ki, Əlihüseyn istiqanlı, savadlı və vətənpərvər bir gənc olub. Ona görə də müəllimləri və tələbə yoldaşları onu hər zaman xoş xatirələrlə yad edəcək.

 

Qeyd edək ki, Əlihüseyn Məmmədov 2016-cı ildə ADNSU-nun energetika fakültəsinin İstilik energetikası mühəndisliyi ixtisasına daxil olub və 2020-ci ildə universiteti bitirərək həqiqi hərbi xidmətə yollanıb.

 

Vətən Müharibəsi başlayanda, silaha sarılaraq döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Bu igidliyinə görə Ə.Məmmədov dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarla təltif edilib.