Bakı Mühəndislik Universitetində (BMU) payız semestrinin qış imtahan sessiyası onlayn formada öz işini davam etdirir.

 

Universitetdən bildirilib ki, 3 həftə ərzində (11-29 yanvar) 1301 imtahan təşkil olunub. Keçirilən imtahanlarda bakalavr və magistratura səviyyələri üzrə indiyə qədər 4773 nəfər tələbə iştirak edib.

 

Qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün tədbirlər yüksək səviyyədə təşkil olunub. Sessiya dövründə universitet rəhbərliyi başda olmaqla, Distant Təhsil və Keyfiyyətin Təminatı mərkəzi tərəfindən imtahanlara mütəmadi onlayn nəzarət həyata keçirilir.

 

Qeyd edək ki, 11 yanvar tarixində başlayan payız semestrinin qış imtahan sessiyası növbəti həftə yekunlaşacaq. Onlayn formada keçirilən imtahan sessiyasında tələbələrin ümumilikdə 1327 imtahan verməsi nəzərdə tutulub. Bu imtahanların 60 %-i şifahi sorğu, 40 %-i isə test formasındadır.