Sumqayıt Dövlət Universitetində (SDU) 2020-2021-ci tədris ilində həyata keçiriləcək vacib layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiridir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş layihə əsasında layihə -smeta sənədləri hazırlanıb, ekspertiza rəyi alınıb, tender keçirilib, qalib təşkilat elan edilib və təmirə start verilib.

 

Universitetdən bildirilib ki, ilkin mərhələdə söküntü işləri aparılıb, zirzəmi qurudulub, hazırda isə gücləndirmə və bərkidilmə işləri davam edir.

 

Universitetin rektoru, professor Elxan Hüseynov, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov, iqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev yataqxanada gedən tikinti-təmir işləri ilə yaxından tanış olublar.

 

Rektor bildirib ki, qarşıda duran əsas vəzifə yataqxananın əsaslı təmir edilərək tezliklə tələbələrin ixtiyarına verilməsidir:” Bu vaxta qədər tələbələrimizin dərsdən sonrakı asudə vaxtlarını səmərəli təşkil edə bilmirdik. Həmçinin universitetin tələbə yataqxanasının olmaması dünyanın bir sıra qabaqcıl universitetləri ilə bağlanmış müqavilələrimizi bütün bəndlər üzrə həyata keçirməyə mane olur, tələbə mübadiləsi proqramlarını səmərəsiz edirdi. Burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılacaq, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi qurulacaq, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunacaq.”

 

Yataqxanada istirahət guşəsindən əlavə, 100-ə yaxın otaq, kitabxana, camaşırxana və yeməkxana da nəzərdə tutulub.

 

Qeyd edək ki, universitetin yataqxanalarında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşıblar. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salınıb və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edilib.Tam yararsız vəziyyətə düşmüş həmin yataqxana müasir standartlara uyğun layihələndirilib və tələbələrin rahatlığını təmin etmək üçün burada hər cür şəraitin yaradılması planlaşdırılıb.

 

Həmçinin universitetin 2 saylı yataqxanasının da təmiri yaxın gələcək üçün nəzərdə tutulub.