Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2 fevral – Gənclər Günündə universitetin Vətən Müharibəsində iştirak edən tələbələri ilə görüşüb.

 

Rektor bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edib:”Bu şanlı qələbədə AzTU-nun tələbə və məzunlarının rolunun olması qürurvericidir. Tələbələrimizin təhsillərini saxlayıb Vətən uğrunda döyüşə getməsi isə universitetdə vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsidir. AzTU tələbələri müxtəlif illərdə döyüş və qeyri-döyüş şəraitində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Vətən müharibəsində iştirak edən tələbə və məzunlar arasında 26 nəfər şəhidlik zirvəsinə ucalıb”.

 

“Mən hər zaman deyirəm ki, siz tələbələr bu universitetin sahiblərisiniz. Artıq siz qalib ölkənin tələbələrisiniz. Bundan sonra sizin təhsil sahəsində də uğur qazanmağınız istiqamətində universitet öz səylərini əsirgəməyəcək. Çünki, Azərbaycanın gələcəyi məhz siz gənclərin əlindədir. Siz qalib ölkənin savadlı gəncləri kimi yetişməli və gələcək nəsillərə öz biliklərinizi ötürməlisiniz”-deyə rektor əlavə edib.

 

Qeyd edək ki, II Qarabağ  müharibəsində iştirak edən tələbə və məzunlar üçün AzTU-da Kompleks Qayğı Proqramı hazırlanıb. Bu proqrama əsasən, müharibədə iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçirilir.