Bakı Slavyan Universitetində (BSU) 2 fevral- Gənclər Günü münasibətilə onlayn tədbir keçirilib.

 

Tədbirdə BSU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri və digər müvafiq struktur bölmələrin  məsul şəxsləri, ali təhsil müəssisəsində fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr iştirak ediblər.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələri  Gənclər Günü münasibətilə təbrik edib. Ölkəmizdə dövlət gənclər siyasətinin  əsasının  müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

Bildirib ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin aparıcı qüvvəsinə çevrilir:” Son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilmələri, onların ictimai-siyasi fəallıqlarının artırılması üçün mühüm tədbirlər, çoxsaylı layihələr həyata keçirilir. Gənclik yenilikdir, müasirlikdir. Azərbaycan gəncliyi hər zaman dövlətin diqqət mərkəzindədir”.

 

Universitetin 1000-dən çox tələbə-könüllüsünün  müxtəlif layihələrin icrasında  yaxından iştirakını, bu fəaliyyətlərinə görə müvafiq dövlət təşkilatları tərəfindən müxtəlif təltiflərə layiq görüldüklərini xatırladan N.Əliyeva  BSU-nun dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunan məzunlarının Vətən Müharibəsi dövründəki  qəhrəmanlıqlarından da danışıb.   

 

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova tələbələrin fəal iştirakı ilə həm ali təhsil müəssisəsində, həm də respublika miqyasında keçirilən tədbirlər barədə məlumat verib.

 

Tədbirdə universitetin və ölkənin ictimai-mədəni həyatında fəal iştirak edən 20  tələbəyə  onlayn formada təşəkkürnamə təqdim olunub.

 

Tədbirin sonunda Tələbə Gənclər Təşkilatının Gənclər Günü münasibətilə hazırladığı videoçarx təqdim edilib.