Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr edilən tədbir keçirilib.

 

Əvvəlcə Texnoparkın Strateji elmi analitik sınaq Mərkəzi, Təcrübə-Sənaye Zavodunun hazır məhsul anbarı və İnnovativ elmi-texnoloji layihələrin sərgi Mərkəzi ilə tanışlıq olub.

 

YT Parkın baş direktoru, professor Əbülfəz Babayev Texnoparkda fəaliyyətə başlayan  “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin geniş imkanlar açdığını qeyd edib, bu mərkəzin ölkə başçısının sənayeləşmə siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrasını, sənayedə elmin xüsusi çəkisinin artırılmasında AMEA-nın fəal iştirakını təmin edəcəyinə əminliyini bildirib.

 

Ə.Babayev tədqiqatçı gənclərin mərkəzin potensialından fəal istifadə etməsinin vacibliyini vurğulayıb, onları gələcəkdə elmin transferinin  istehsal sahələrində real tətbiqini tapmasında yaxından iştirak etməyə səsləyib.

 

Parkın icraçı direktoru Vasif Abbasov AMEA-da, o cümlədən YT Parkında innovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi, elmin kommersiyalaşdırılmasının stimullaşdırılması ilə bağlı əhəmiyyətli işlər görüldüyünü qeyd edib. V.Abbasov mərkəzin fəaliyyətə başlaması ilə akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunan innovativ perspektivli elmi nailiyyətlərin tətbiqi, eləcə də beynəlxalq elmi-innovativ fəaliyyətin gücləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru Əminağa Sadıqov isə YT Parkın AMEA gənclərinin fəaliyyətinin stimullaşdırılmasında önəmli rola malik olduğunu bildirib, Texnoparkda gənclərin öz ideyalarını daha effektiv reallaşdırmaları üçün lazımi şəraitin yaradıldığını vurğulayıb.

 

Tədbirdə diqqətə çatdırılıb ki, “İnkubator və Texnologiya Transferi Mərkəzi” innovasiyalı texnologiyaların vahid məlumat bazasının yaradılması, bu texnologiyaların kommersiya potensialının qiymətləndirilməsi, innovasiya fəaliyyəti və texnologiyaların transfer məsələləri üzrə elmi-tədqiqat sifarişlərinin elmi-tədqiqat institutuna yönləndirilməsi, o cümlədən innovasiya idarəetmə proseslərinin koordinasiyasını həyata keçirəcək.

 

Mərkəzin səmərəli fəaliyyəti texnoparkın iqtisadi və intellektual potensialının inkişafına, AMEA-nın büdcədən asılılığının azalmasına və işçilərin sosial rifahı, elm və tədqiqat nəticələrinin iqtisadi və praktik tətbiqinin genişlənməsinə, eləcə də innovativ inkişafa özəl investisiyanın cəlb edilməsinə, elmin populyarlaşdırılmasına dəstək verəcək.