Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Selçuk Universitetinin rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.

 

ATU rektoru, professor Gəray Gəraybəyli 44 günlük Vətən Müharibəsi dövründə Türkiyə tərəfinin Azərbaycana verdiyi güclü mənəvi dəstəyə görə təşəkkürünü bildirib, Selçuk Universitetinin rektoru, professor Metin Aksoyu isə Azərbaycan Tibb Universitetinin adından yeni təyinatı münasibətilə təbrik edib.

 

Rektor ATU-nun bir çox universitetlərlə qarşılıqlı protokollar əsasında əməkdaşlıq etdiyini xatırladaraq Selçuk Universiteti ilə də belə bir sazişin olmasının vacibliyindən söz açıb. Qeyd edib ki, ATU və Selçuk Universiteti tədris, elm və bu kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etmək potensialına malikdir. Həmçinin, iki ali məktəb arasında tələbə, rezident və müəllim mübadiləsinin aparılması da önəmlidir. G.Gəraybəyli bütün mümkün istiqamətlərdə ATU-nun əməkdaşlığa tam hazır olduğunu bildirib.

 

Selçuk Universitetinin rektoru, professor Dr. Metin Aksoy rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Qeyd olunub ki, Selçuk Universiteti 1975-ci ildə Türkiyənin Konya şəhərində yaradılmış dövlət universitetidir. Universitetdə təhsil ingilis və türk dillərində aparılır. Ölkə daxilində olduğu kimi, ölkə xaricində də ən çox seçilən universitetlər arasında öz yerini tutan Selçuk Universiteti 50-dən çox ölkənin vətəndaşlarına təhsil  verir. 70 min tələbəsi ilə elmi fəaliyyət göstərən universitetin 20-dən çox fakültəsi və peşə məktəbi, konservatoriyası, 5 kolleci, 6 institut və 20 tədqiqat mərkəzi var. Rektor Metin Aksoy ATU-ya hədiyyə edilən 30 tibb kitabını əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev isə universitetlər arasında əməkdaşlığın istiqamətləri, sazişə daxil ediləcək bəndlər haqqında ətraflı danışıb. Prorektor O.İsayev ATU-nun fakültələri, tədris proqramları, yeni açılan tibb bacısı və fizioterapist ixtisaslarının tədrisi haqqında da məlumat verib.

 

Görüşdə ATU və Selçuk Universiteti arasında imzalanacaq əməkdaşlıq sazişinin müddəaları ətraflı müzakirə olunub.