Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

 

Ali məktəbdən bildirilib ki, “Qarabağın dünəni, bu günü və gələcəyi” adlı konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqlar üzv olduqları Birliyin Azərbaycanda təmsilçisi kimi universitet rəhbərliyi ilə  aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.

          

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstəyini önə çəkib, qardaş ölkəyə minnətdarlığını bildirib.  

 

Birliyin rəhbəri İlyas Dəmirçi də öz növbəsində Vətən müharibəsində qazanılan böyük  Zəfər münasibəti ilə təbriklərini çatdırıb, Qarabağla bağlı gələcəkdə həyata keçirəcək layihələrə qatılmaq istəklərini qeyd edib.

 

İ.Dəmirçi Birliyin növbəti planları, “100 ilin ən yaxşı türk şəhəri” layihəsi, keçirmək istədikləri müsabiqələr barədə məlumat verib.

 

Görüşdə iştirak edən digər qonaqlar da Qarabağda erməni talanları,  vəhşilikləri ilə bağlı televiziyadan izlədikləri video görüntülərdən təəssüratlarını paylaşıb, Türk kültür və miras Fondu ilə keçirdikləri görüşdən bəhs ediblər.

 

Görüşdə Qarabağla bağlı gələcəkdə həyata keçiriləcək ortaq layihələr, Qarabağın quruculuğuna töhfə vermək, bərpa işləri, memar, mühəndis, ekoloq və tarixçilərin birgə iş birliyi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

           

Məlumat üçün qeyd edək ki,  AzMİU Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin ölkə üzrə təmsilçisidir və uzun illərdir bu Birliklə əməkdaşlıq edir. Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti dəfələrlə Azərbaycana səfər edib, universitetin nümayəndə heyəti də Birlik tərəfindən təşkil olunan qurultay və tədbirlərə qatılıb.