Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektorluğunun təşkilatçılığı ilə “Elm həftəsi” keçiriləcək. Hər il fevral ayının ilk yarısında  ənənəvi olaraq təşkil edilən tədbir bu dəfə  koronavirus pandemiyası səbəbindən onlayn formada baş tutacaq.

 

Universitetdən bildirilib ki, “Elm həftəsi” çərçivəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlər zamanı fakültələrin elmi fəaliyyətinin vəziyyətinin təhlili, Web of Science və Scopus bazalarından effektiv istifadə barədə məlumat veriləcək, eyni zamanda fərdi tədqiqatçı profilinin açılması və ondan effektiv istifadəsi mövzusunda təlimlər keçiriləcək.

 

Müxtəlif mövzulu tədbirlərə ayrı-ayrı qurumlardan spikerlər dəvət olunacaq, fakültələrin 1 illik elmi fəaliyyət aktivliyi barədə fikir mübadiləsi aparılacaq.

 

Tədbirlərdə Web of Science və Scopus bazasındakı fakültə əməkdaşlarının nəşr aktivliyi ilə yanaşı, Elmi Şuranın son iclasında qəbul edilən nüfuzlu elmi jurnallarda nəşrləri olan əməkdaşların mükafatlandırılması qaydaları haqqında da danışılacaq. Bununla yanaşı,  BMU-nun elmi fəaliyyətinin daha da gücləndirilməsi geniş müzakirə ediləcək.

 

Tədbirlər hər fakültə üzrə ayrıca təşkil olunacaq. Belə ki, iqtisadiyyat və idarəetmə fakültəsində 10 fevral,  saat 11:00-da, pedaqoji fakültədə saat 14:00-da, 11 fevralda isə  mühəndislik fakültəsində saat 11:00-da, memarlıq və inşaat fakültəsində saat 14:00-da tədbirlərin keçirilməsi nəzərdə tutulur.