Azərbaycan Texniki Universiteti (AzTU) və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanan memorandumun icrası ilə bağlı onlayn görüş keçirilib.

 

Universitetdən bildirilib ki,  görüşdə ali məktəbin  elm və texnika üzrə prorektoru İlham Pirməmmədov, rektorun elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov, nəqliyyat və logistika, informasiya və telekommunikasiya texnologiyaları fakültələrinin kafedra müdirləri, ixtisas müəllimləri, Karyera Mərkəzinin əməkdaşları,  mərkəzin tədris-istehsalat işləri üzrə direktor müavini Xalidə Hümmətova və digər əməkdaşları iştirak ediblər.

 

İclasda bildirilib ki, yaxın günlərdə mərkəzdə təhsil alan subbakalavrlar üçün AzTU-da nəqliyyat və informasiya texnologiyaları ixtisasları üzrə kurslar təşkil ediləcək.

 

Bununla bağlı hər iki təhsil müəssisəsinin müəllimlərinin işgüzar görüşünün təşkili nəzərdə tutulub.

 

AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədov qeyd edib ki, universitetin bakalavr və ikinci kurs magistrantlarının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə yaxından tanış olmaları, elmi-tədqiqat aparmaları, gələcəkdə həmin müəssisədə pedaqoq kimi fəaliyyət göstərmələri məqsədə uyğundur.