Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında təhsilin  başlaması ilə əlaqədar toplantı keçirilib.

 

Klinikanın direktoru, professor Surxay Musayev klinikanın normal iş fəaliyyətinə və fevral ayının 15-dən əyani təhsilə başlamasıyla bağlı məlumat verib.

 

Qeyd edib ki, hər zaman ölkə vətəndaşlarının sağlamlığının qayğısına qalan ATU Tədris Terapevtik Klinikası dünyanı cənginə almış COVİD-19 pandemiyasının ölkəmizdə də yayılması ilə əlaqədar olaraq 2020-ci ilin mart ayının ikinci yarısından etibarən "Pandemiya klinikası" kimi koronaviruslu xəstələri qəbul etməyə başlayıb:  "Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikamızın kollektivi, daha sonra 44 günlük müqəddəs Vətən Müharibəsi dövründə də bütün səy və bacarığını səfərbər edərək, ön cəbhədə döyüş zamanı yaralanmış hərbçilərimizin müalicəsi və reabilitasiyası ilə məşğul olmağa başladı. Daha sonra noyabr ayında COVİD-19 xəstələrinin sayının sürətlə artmağa başlaması səbəbilə  yenidən koronaviruslu xəstələrin müalicəsi işinə qoşuldu. Ancaq biz son günlərdə yoluxmanın azalmasıyla bağlı ölkəmizdə müsbət dinamika müşahidə edirik. Klinikamızda da artıq koronaviruslu xəstələrin olmadığını nəzərə alaraq, biz müvafiq rəhbər orqanların razılığı ilə, tibbi-gigiyenik, epidemioloji qaydalara ciddi əməl etməklə fevral ayının 10-dan etibarən normal iş fəaliyyətinə, fevral ayının 15-dən isə dərslərin əyani keçirilməsinə başlayırıq". 

 

Daha sonra ATU-nun Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov toplantı iştirakçılarını əyani təhsilin başlaması ilə bağlı qəbul edilmiş protokola uyğun qaydalarla məlumatlandırıb.