Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan “Elm həftəsi” çərçivəsində tədbirlərə start verilib. İlk tədbir universitetin iqtisadiyyat və idarəetmə fakültəsində baş tutub.

 

Universitetdən bildirilib ki, fakültənin dekanı, dosent Mayis Əzizov  tədbirin keçirilməsinin əsas məqsədinin 2020-ci ildə fakültənin elmi fəaliyyətinin vəziyyətinin təhlili olduğunu qeyd edib.

 

Elmi fəaliyyətin vacib və əhəmiyyətli olduğunu söyləyən dekan fakültə müəllimlərinin əksər hissəsinin bu sahədə aktivliyini diqqətə çatdırıb.

 

Fakültənin elmi işlər üzrə dekan müavini Fərid Cəbiyev elmi fəaliyyətin ötən ilki yekunlarına həsr olunan təqdimatla çıxış edib. Bildirib ki, fakültənin elmi-tədqiqat fəaliyyəti aparılan elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiq olunmasını, həmçinin monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla, elmi konfrans və seminarlarda məruzə edilməklə yayılmasını təşkil edir.

 

Elmi işlər üzrə fəaliyyətə toxunan dekan müavini fəlsəfə doktoru proqramları üzrə 18 nəfərin təhsil aldığını diqqətə çatdırıb. 2020-ci ildə fakültə əməkdaşları tərəfindən 3 monoqrafiya və 96 fənn proqramı nəşr olunub.

 

F.Cəbiyev fakültə əməkdaşlarının 2020-ci ildə nəşr olunan məqalələrinin sayının 44 (18-i Azərbaycanda, 26-sı isə xaricdə) olduğunu bildirib. Fakültə əməkdaşlarının Web of Science platformasında 2018-ci ildə 11, 2019-cu ildə 15, 2020-ci ildə isə 20 məqaləsi nəşr olunub. Bununla yanaşı, fakültə əməkdaşlarının 2020-ci ildə Web of Science platformasında indekslənən 6 konfrans materialı da nəşr edilib.

 

Prezidentin sərəncamı ilə martın 27-nin “Elm günü” kimi qeyd edildiyini vurğulayan dekan müavini fakültədə hər il ənənəvi olaraq sərəncamda nəzərdə tutulan elmin populyarlaşması və inkişafı üçün bir sıra tədbirlərin həyata keçirildiyini sözlərinə əlavə edib.

 

Universitet əməkdaşlarının bir çox impakt faktorlu beynəlxalq elmi jurnalların nəşr heyətində yer almasından söz açan universitetin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov BMU-nun məşhur Web of Science portalının Publons bazasında elmmetrik göstəricilərə görə Azərbaycan ali təhsil müəssisələri üzrə ikinci yerdə qərarlaşdığını diqqətə çatdırıb.  O, nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən BMU əməkdaşlarının mükafatlandırılması, mükafatların verilməsi qaydaları və prosedurlarından bəhs edib. Prorektor  Web of Science və Scopus bazalarından effektiv istifadə barədə iştirakçılara ətraflı məlumat verib, həmçinin fərdi tədqiqatçı profilinin açılmasından danışıb.  

 

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.