Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə “Xaricdə magistratura təhsilinin əhəmiyyəti, təhsillə bağlı informasiya mübadiləsi” mövzusunda vebinar keçirilib.

 

Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov universitetin fəaliyyəti, fakültələr və kafedralar barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, hazırda universitetdə 62 kafedra, 7minə yaxın tələbə təhsil alır. Əcnəbi tələbələrin sayı 2500-dür.

 

M.Orucov yeni açılan fakültələrdən və magistratura sahəsində mübadilə proqramlarından da söhbət açıb. Mevlana proqramının ləğv edildiyini təəssüf hissi ilə dilə gətirən natiq bu səbəbdən Türkiyədə fəaliyyət göstərən aparıcı universitetlər arasında müəllim-tələbə mübadiləsinin dayandırıldığını qeyd edib.

 

Rezidentura və magistratura şöbəsinin müdiri, professor Nailə Sultanova isə bildirib ki, bu cür vebinarları keçirməkdə əsas məqsəd Türkiyə və digər xarici ölkələrin qabaqcıl universitetləri ilə əməkdaşlığı dərinləşdirmək, magistr və rezidentlər arasında qarşılıqlı mübadiləni aparmaq, təhsil proqramlarını bir-birinə uyğunlaşdırmaqdır:” Əgər dissertant və doktorantların elmi işlərinin araşdırılması zamanı hər hansı problem yaranarsa, onu aradan qaldırır və lazımi şəraiti yaratmağa çalışırıq”.

 

Çıxışlardan sonra magistrləri maraqlandıran suallara cavab verilib.