Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sara Bayramovanın 60 yaşı tamam olur. Ömrünün bu zirvəsindən dönüb arxaya baxanda onun sevinməyə, fəxr etməyə haqqı vardır. Həlim xasiyyətli, yüksək insani keyfiyyətləri ilə seçilən, qəlbən və ruhən doğulub boya başa çatdığı Göyçə mahalındakı dağ çeşmələri kimi dupduru olan bu nəcib insan əsl müəllimdir. O, insan xoşbəxtdir ki, müəllim kimi müqəddəs bir peşəni ləyaqətlə təmsil edir, həm peşəkarlığı, həm də insanlığı bir-birini tamamlayır.

 

1961-ci il yanvarın 7-də Qərbi Azərbaycanda Göyçə mahalının Krosnoselo rayonunda Göyçə gölünün sahilində Uc dağ silsiləsinin arasında yerləşən, nəinki Göyçənin, elə Qərbi Azərbaycanın ən böyük yaşayış məskənlərindən olan Toğulca (oxu Tukulusca) qəsəbəsində elin, obanın mötəbər din xadimlərindən olan Kərbəlayi Molla Məhəmmədtağı ağanın ailəsində doğulmuşdur.

 

Əvvələr Naxçıvan Dövlət Pedaqoji Universitetini oxumuş, sonralar ailə vəziyyəti ilə bağlı Bakıya köçərək, Azərbaycan Dövlət Pedaqoji Universitetini məktəbəqədər psixologiya ixtisası üzrə başa vurmuşdur. O, müxtəlif illərdə Bakı şəhərində uşaq bağçalarında tərbiyəçi işləmiş, 1991-ci ildən hazırda çalışdığı Kollecdə (o vaxtkı Bakı Pedaqoji Texnikumu) müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır.

 

Sara müəllimə qiyabi yolla Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi pedaqogika kafedrasının aspiranturasına qəbul olmuş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi ilə “Azərbaycan Respublikası orta ixtisas pedaqoji təhsil müəssisələrində kadr hazırlığı” mövzusunda yazdığı namizədlik dissertasiyasını 2014-cü ildə müdafiə etmişdir.

 

Yorulmaq bilmədən öz üzərində işləyən, hər cür çətinliyə qatlaşmağı bacaran, təhsilin çoxsurətlə elektron vasitələrə istinadən yeniləşməsi ilə bağlı gənc müəllimlərlə ayaqlaşmaq üçün müxtəlif seminar və treninqlərdə fəal iştirak etməklə çoxsaylı sertifikatları da onun novator müəllimliyindən xəbər verir.

 

Sara xanım daim tələbələrlə ünsiyyətdə olmağı, yaradıcı münasibəti, səmimi diskussiyanı xoşlayır. Ona məxsus xüsusiyyətlərdən biri də  yüksək mədəni səviyyəyə, davranışa, səlis nitqə malik olmasıdır. Uzun müddət ailəvi tanışlığa istinadən deyə bilərəm ki, onun insanlara müraciət forması, işlətdiyi ifadələr, əxlaqi-dini fikirlərlə bəhs etdiyi pedaqoji mövzunu qiymətləndirməsi, müsahibini təmkinlə dinləməsi, çöhrəsindəki təbəssüm və nəhayət, Azərbaycan qadınına məxsus abır-həya onunla təmasda olanları çox məmnun edir. Əsl müəllim, əsl ana, əsl ziyalı olmaqla bərabər, düzlüyü, halallığı sevən Allah adamıdır. Dəfələrlə çalışdığı kollecdə ona müxtəlif vəzifələr təklif edilsə də, “bu, cavanların işidir” və yaxud “O, daha layiqdir” deyə həmişə təvazokarlıqla sadə müəllimliyini daha üstün tutmuşdur.

 

Şərqin böyük sənət abidəsi olan “Kəlilə və Dimnə” əsərində belə bir deyim var ki, xoşbəxtlik zəhmət və iradə, əmək və səy nəticəsində əldə edilir. Sara Bayramova bu mənada da xoşbəxt insandır.

 

Həyat bu sözlərin həqiqiliyini çoxdan subut etmişdir. Bu əlamətlərə istinadən qazanılan xoşbəxtlik:-sağlam və möhkəm ailəyə sahib olmaq, cəmiyyətdə, işlədiyin kollektivdə, dost-tanışlar arasında özünə layiqli yer tutmaq, öz peşənin incəliklərinə bələd olmaq, yüksək bilik, bacarıq və praktik peşəkarlıq nümayiş etdirmək, Vətənə layiq övladlar yetirərək onları yerbəyer etmək deməkdir. Mübaliğəsiz demək olar ki, bunların hamısı Sara xanımın simasında cəmləşmişdir. Onun həyat yoldaşı Həsən Bayramov pedaqoji elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademikidir. Oğlanları Bayram Bayramov ədliyyə polkovniki, Qudsi Bayramov “Azərişıq” ASC-də şöbə rəhbəridir. Qızı İlkay uzun müddət Mərkəzi Seçki Komissiyasında məsul işdə çalışmış, hazırda İzmir Universitetinin tibb fakültəsində oxuyur. Sara xanım müxtəlif jurnallarda ingilis, rus, türk və Azərbaycan dillərində dərc edilmiş 50-dək tədqiqat işlərində istər məktəbədəqər və ibtidai təhsil müəssisələrində pedaqoji-psixoloji işlərin praktik əsaslarına, istərsə aktual pedaqoji-psixoloji problemlərə, istərsə də tarixi-pedaqoji məzmunlu tədqiqatları olsun eyni dərəcədə ardıcıl və konkret yazı üslubuna malikdir. Onun ziyalı müəllim obrazını aşağıdakı irihəcmli monoqrafiya və elmi-metodik əsərlərindən də görmək mümkündür: “Azərbaycan Respublikasında orta ixtisas pedaqoji təhsil müəssisələrində kadr hazırlığı” monoqrafiyasında, “Uşaq birlikləri tərbiyə qurumu kimi”, “Uşaq və yeniyetmələrin tərbiyəsinə ailənin psixoloji iqlimin təsiri”, “Təhsilin modernləşdirilməsi kontekstində kiçikyaşlı məktəblilərin humanizm tərbiyəsinin metodiki aspektləri”, “Qloballaşma və müasir ailə dəyərləri: ailənin psixoloji və sosial-pedaqoji təsnifatı”  metodik vəsaitlərində, “Pedaqogika”, “Psixologiya”, “Milli əxlaq və ailə etikası”, “Məktəbəqədər pedaqogika” proqramlarında öz ifadəsini tapmışdır.

 

Yeri gəlmişkən, Pedaqoji Kollecin ölkəmizdə məktəbəqədər tərbiyəçi və ibtidai sinif müəllimi hazırlığında xüsusi rolu vardır. Körpə balalarımızın uşaq bağçaları və məktəblərdə hər cür qayğı ilə əhatə olunması, onlarda dərsə, biliklərə yiyələnməyə həvəs yaradılması, onların düzgün tərbiyə olunması, mənəvi və fiziki cəhətdən sağlam yetişdirilməsi kimi çox şərəfli bir vəzifə məhz məktəbəqədər və ibtidai təlim müəssisələrinin üzərinə düşür. Ona görə də bu sahədə çalışacaq tərbiyəçi və müəllimlər hər şeydən əvvəl öz müəllimlərindən nümunə götürür, onlara oxşamağa çalışırlar. Bu baxımdan Sara xanımın dərs dediyi tələbələrin bəxti gətirmişdir. Onlar nümunə götürəcəkləri, gülərüz, səmimi, zəhmətkeş və humanist Sara müəllimə kimi insandan  çox şey öyrənmişlər. Mən özüm ailəvi münasibətlərdə ondakı bu keyfiyyətlərin ailəsindən aldığı tətbiyəsindən, öyrəndiyi müəllimlərindən qaynaqlandığının şahidi olmuşam. Sözün geniş mənasında onu əhatə edən insanların sevincinə də, acısına da şərik olmağı bacarır, çalışdığı kollektivdə hamı ilə çox səmimi mehribandır, çünki fitrətən müəllimdir.

 

Həyatımız çox ibrətamiz, sehrli anlarla doludur. Bu anları hər bir insan öz əməlləri ilə yaşayır. Ulu tanrının hökmü ilə hər kəs öz tərcümeyi-halını yazır. Onun zənginliyi sahibinin əməlləri, şəxsiyyəti ilə müəyyənləşir. İbrətamiz həyat yolu ilə tərcümeyi-halını zinətləndirən bir insan olaraq deyə bilərik ki, onun müəllimliyi də şəxsiyyətinə müsbət çalarlar gətirmiş, onu daha da tamamlamışdır.

 

Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də köklü məzmun islahatları həyata keçirilməkdədir. İslahatın uğuru, müvəffəqiyyətlə nəticələnməsi yeni tipli müəllim hazırlığına xüsusi diqqət tələb edir. Virtual məkanın, elektron resursların gündəlik həyatımıza surətlə daxil olduğu bir dövrdə yeni təfəkkürə, əxlaqi-mənəvi saflığa, nəhayət, yüksək rəqabətli cəmiyyətdə yaşamağa, çalışmağa qabil gənc nəslin yetişdirilməsində uşaq bağçalarının və ibtidai siniflərin üzərinə çox böyük məsuliyyət qoyulur. Bu tələblərə cavab verəcək gənc tərbiyəçi və müəllimlərin hazırlığı pedaqoji ictimaiyyətin məsuliyyətini qat-qat artırmaqdadır. Sara müəllimə də öz fəaliyyətini bu yeni çağırışlar ruhunda qurmağa çalışan nümunəvi müəllimlərimizdən biridir. Bu yaxınlarda Pedaqoji Kollecdə onun təşəbbüsü ilə keçilmiş “Müəllimin tədris bacarığının təkmilləşdirilməsinin tədrisin keyfiyyətinə təsiri” “dəyirmi masa”dakı çıxışında onun bir fikri müzakirələrə yeni istiqamət verdi. O, “Ənənəvi məktəblərdə fərqli olaraq təfəkkür məktəbləri, idrak məktəblərri formalaşmaqdadır. İndi hər birimiz gələcək tərbiyəçi və müəllimləri yeni sosial sifarişlərə cavab verəcək kadrlar hazırlamağa yönəltməliyik”. Tədbirdə iştirak edən  Əməkdar elm xadimi Fərrux Rüstəmov, professorlardan Müseyib İlyasov, Ramiz Əliyev, eləcə də kollecin direktoru, dosent İsrayıl İsgəndərov “dəyirmi masa”nın yüksək elmi-praktik əhəmiyyətini qeyd edərək, S.Bayramovanın pedaqoji fəaliyyətini yüksək qiymətləndirdilər.

 

Bu dünyada hər bir insan Allahın ona bəxş etdiyi, özünəməxsus tale payını yaşayır. Həyatın son mənzili dayanacağı bəlli olmayan bir surət qatarına bənzəyir. Bu qatarda azmı-çoxmu yol gedirik, kimlərlə yol yoldaşı oluruq, ünsiyyət yaradırıq... Bizdən əvvəlkilər kimi bizdən sonrakılar üçün bu qatar intəhasızdır. Ömrün surət qatarında gedənlərin o qədər də izi qalmır, qalsa da yaxınların, tanışların xatirəsi ilə məhdudlaşır, amma nəsillərin bəhrələndikləri mənəvi-maddi sərvətlərdə qalır. Ömrünü bu sərvətlərə həsr edənlər istər araşdırmaçı olsun, istərsə də bu sərvətlərin təbliğatçı-müəllimləri olsun heç vaxt yaddan çıxmır, gəncliyin simasında daim yaşayır, hörmətlə-izzətlə sayılıb seçilir.

 

Mübaliğəsiz bunları həm gözəl ana, həm tədqiqqatçı-ziyalı, eləcə də səmimi-tələbkar müəllim kimi Sara Bayramovaya da şamil etmək olar. 60 yaşın mübarək, Sara xanım.

 

Hümeyir ƏHMƏDOV,

Pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının akademiki