Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önündə onun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

        

M.İbrahimovun abidəsi önünə əklil qoyulduqdan sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı Milli Qəhrəmanın keçdiyi döyüş yolu, göstərdiyi şücaətdən danışıb. Onun qəhrəmanlığının Azərbaycan gəncinin Vətənə məhəbbətinin təzahürü olduğunu vurğulayıb, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində ailə, məktəb və  universitetlərin yüksək rolunu qeyd edib. Bildirib ki,  M.İbrahimovun göstərdiyi hünər gənclərə örnəkdir və ADNSU-da ucaldılmış abidə minlərlə gənc üçün and yeridir.

 

Rektor Qarabağın erməni qəsbkarlarından azad edilməsi ilə nəticələnmiş Vətən Müharibəsində qazanılan möhtəşəm zəfəri Azərbaycanda  gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin səmərəli təşkilinin bariz nümunəsi kimi səciyyələndirib.

 

Sonda M.Babanlı ADNSU-nun Vətən Müharibəsində qəhrəmancasına şəhid olan məzunlarının ailələri ilə daim sıx təmasda olacaqlarını diqqətə çatdırıb.