Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində "İlin Tələbə Gənclər Təşkilatı" mükafatının təqdimetmə mərasimi keçirilib.

 

İttifaq sədri Pərviz Mirələmli Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Nəsirov və idarə heyətinin üzvlərinə mükafatı təqdim edib.

 

Təqdimat mərasiminin ardından ADPU-da ali məktəbin rektoru, professor Cəfər Cəfərov və sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev təşkilatın idarə heyəti ilə görüşüb.  

 

C.Cəfərov 2020-ci ildə ADPU tələbələri və tələbə təşkilatlarının, o cümlədən TGT-nin çox planlı və adekvat fəaliyyətindən razılığını ifadə edib. Gələcək perspektivdə də keyfiyyətli tədrisin və tələbə fəallığının təmininin ADPU-nun strateji hədəflərinə daxil olduğunu vurğulayıb.

 

Qeyd edək ki, fevralın 1-də ATGTİ onlayn formatda "Dəmir yumruq, dəmir gənclik" adlı ölkə universitetləri TGT-lərinin mükafatlandırılması ilə bağlı konfrans keçirib.

 

2020-ci ildəki fəaliyyətinə görə ADPU TGT 4 ildən sonra yenidən, ikinci dəfə ölkə üzrə bütün rəqiblərini kifayət qədər böyük fərqlə qabaqlayaraq "İlin Tələbə Gənclər Təşkilatı" adını qazanıb. Tədbirdə eyni zamanda ötən ildəki ictimai-sosial fəaliyyətində xüsusi fərqlənən 28 nəfər ADPU TGT üzvü də 4  nominasiya üzrə sertifikatla mükafatlandırılıb.