Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən “Multikulturalizmə giriş” fənninin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb.

 

BBMM-dən bildirilib ki, treninqlər bu fənni tədris edən müəllimlər üçün təşkil olunub. Treninqlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Avrasiya Universiteti, Xəzər Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin İnşaat Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 30-dan çox müəllimi iştirak edib.

 

Treninqlər çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun, eləcə də BBMM-in əməkdaşları, alim və mütəxəssislər tərəfindən “Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları", "Dinin mahiyyəti və onun təzahür formaları”, “Müasir dövrdə din", "Qədim türk inancları”, "Etnik müxtəliflik və milli ideya", "Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi", “Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri” və digər mövzularda mühazirələr təqdim olunub.

 

Treninqi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim ediləcək.