Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib.

 

Universitetdən bildirilib ki, o, bu ada 2020-ci il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində nümunəvi iştirakına görə layiq görülüb.

 

Bununla yanaşı, BMU-nun 28 tələbə gənci Vətən müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə iştirakları və ümumi fəaliyyətləri üzrə ATGTİ tərəfindən mükafatlandırılıb.

 

BMU TGT 2016-cı ilin fevral ayından fəaliyyət göstərir. Onun  əsas vəzifəsi tələbələrin hüquqlarının qorunması, maarifləndirilməsi və  asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdir.

         

Qeyd edək ki, BMU ölkə universitetləri arasında tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə aparıcı yer tutur. Universitetdə 4 tələbə təşkilatı-Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), YAP Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti (TEC), həmçinin 49 tələbə klubu fəaliyyət göstərir.