UNEC Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinə start verib.

 

Universitetdən bildirilib ki, “Nizami Gəncəvi ili”nə həsr olunan layihə çərçivəsində dahi Nizaminin irsi haqqında Azərbaycanda və dünyada aparılan tədqiqat işləri, elmi araşdırmalar, eləcə də ədibin dünyanın bir sıra aparıcı kitabxanalarında müxtəlif dillərdə mövcud olan əsərləri, eləcə də haqqında yazılmış nəşrlər barədə biblioqrafik məlumatlar ictimaiyyətə təqdim ediləcək.

 

Layihənin ilk sayında UNEC KİM ABŞ-ın Konqres Kitabxanasında  mövcud olan məlumatları təqdim edir. KİM-in axtarışına əsasən, Konqres Kitabxanasında Nizami Gəncəvi irsinə dair 329 əsərin biblioqrafik yazısı əldə edilib. Həmin əsərlər Bakı, Nyu-York, London, Paris, Roma, Stokholm, Leyden, Moskva, Sankt-Peterburq, Daşkənd, Dehli, Düşənbə, Tehran şəhərlərində müxtəlif dillərdə nəşr edilib və yazıya alınıb.

 

Araşdırma zamanı məlum olub ki, Konqres Kitabxanasında mühafizə olunan ən qədim əlyazma XVIII əsrə məxsus (təx.1750), fars dilində Hindistanda yazıya köçürüldüyü ehtimal edilən “İskəndərnamə” əsəridir. Ən yeni nəşr isə 2021-ci ildə Nyu_-Yorkda nəşr edilmiş “Leyli və Məcnun” əsəridir.

 

Qeyd edilib ki, burada audio nəşrlər də yer alıb.