Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbələri üçün “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı II vebinar keçirilib.

 

Onlayn vebinarda Xalq artisti, BMA-nın beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova tədbirin keçirilmə məqsədlərindən danışıb.

 

Sonra tədbirin qonağı Əməkdar jurnalist, Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi", "Media məkanımıza müdaxilədə başlıca hədəflər", “Dezinformasiya ilə mübarizə”, “Eyni xəbərin fərqli təqdim olunma üsulları”, “Vacib mövzularda güvənilən və rəsmi xəbər mənbələrinə müraciətin önəmi” mövzuları ətrafında çıxış edib.

 

O, informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə necə aktiv olmaları haqqında və informasiya mübadiləsi zamanı düşmənin hədəfinə çevrilməmək, qarşı tərəfdən manipulyasiya edilməmək üçün diqqətli olmağın vacibliyini bildirib, bu yöndə tövsiyələrini çatdırıb.

 

Diskussiya formatında keçirilən vebinarda BMA-nın professoru Mina Hacıyeva, dosent Xatirə Həsənzadə, BMA-nın Elmi laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə məsələyə dair öz fikirlərini söyləyiblər.

 

Akademiyanın müəllim və tələbələri qonağa suallar ünvanlayıb, müasir dövrdə çox böyük önəm daşıyan informasiya müharibəsi problemləri, onun həlli ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürüb, gələcəkdə bu istiqamətdə birgə qarşılıqlı layihə həyata keçirməyin zəruriliyini qeyd ediblər.