Tibb Universitetinə ABŞ şirkətinin istehsal etdiyi müasir avadanlıqlar təqdim olunub


Azərbaycan Tibb Universitetində (ATU) tədris prosesinin yaxşılaşdırılması, praktik dərslərin keyfiyyətinin artırılması üçün işlər davam etdirilir.

 

Universitetdən bildirilib ki, bu günlərdə ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrası, həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrası üçün əldə olunmuş modern texnologiyalı unikal avadanlıqların təqdimatı keçirilib.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli İnsan anatomiyası və tibbi terminologiya kafedrasında yeni anatomik mulyajlara baxış keçirib. ABŞ-ın SynDaver şirkətinin istehsal etdiyi sintetik “bədən”dəki orqanlar canlı insanın əzələ, sümük-qığırdaq, damar-sinir elementlərinə maksimal dərəcədə uyğundur. Onların ölçüləri və xarici görünüşü insan orqanları ilə eynidir. Sintetik meyit mulyajından insan anatomiyası fənninin tədrisi zamanı əksər bölmələrin izahında istifadə olunacaq. 

 

Anatomik mulyajda istifadə olunan əzələlər, daxili orqanlar, damar və sinirlər canlı toxumaların fiziki-kimyəvi, termik və mexaniki xüsusiyyətlərini imitasiya edir. Sintetik meyit modelinə sinir və damar sisteminin əsas morfoloji elementləri daxildir. Ümumiyyətlə, SynDaver şirkəti insan və heyvan toxumalarının, eləcə də bədən hissələrinin və tam bədənin ən mürəkkəb sintetik analoqlarının istehsalı ilə məşhurdur. Bu tip texnologiyalar anatomiya dərsləri, klinik-cərrahi məşğələlər zamanı insan meyitlərini əvəz etməyə imkan verir. ATU tələbələri bu cür mulyajlar üzərində açıq ürək əməliyyatlarına kimi müxtəlif növ əməliyyatların aparılmasını məşq edib öyrənə bilərlər.

 

Qeyd olunub ki, SynDaver şirkətinin təqdim etdiyi məhsulların işlədilməsi və saxlanılması xüsusi diqqət və məsuliyyət tələb edir. Sintetik insan bədənləri ayda 2 dəfə xüsusi vannalarda tələb olunan qaydada yuyulub-təmizlənməlidir. SynDaver mulyajlarına yalnız əlcəklə toxunmaq olar. İstifadə edilən xlorlaşdırılmış qranulların mulyajla birbaşa təmasına yol vermək olmaz. Hansısa prosedurun düzgün yerinə yetirilməməsi mulyajın keyfiyyətinə mənfi təsir göstərə bilər.

 

ATU rektoru, həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının tədris və elmi laboratoriyaları üçün alınmış avadanlıqlarla da tanış olub. Qeyd olunub ki, kafedrada 2 tədris otağı müasir tələblərə və infeksion nəzarət qaydalarına cavab verən tərzdə qurulub. Bu tədris otaqlarında hər bir tələbə xüsusi quruluşlu laborator masalarında lazımi ləvazimatlarla təchiz edilmiş fərdi iş yeri ilə təmin olunur. İş yerində mikroskop, spirt lampası, bakterioloji ilgəklər, sınaq və əşya şüşələri, rəngləmə dəsti, mikrob kulturası və s. var. Bundan əlavə, həmin otaqlarda praktik işin təqdimatını keçirmək, animasiya və ya tədris filmi vasitəsi ilə nümayiş etdirmək üçün kompüter və  proyektor da quraşdırılıb. Daha 3 otaqda tələbələr üçün individual iş yerləri yaradılıb və zəruri ləvazimatlarla təchiz edilib. Kafedranın nəzdindəki digər 11 tədris otağı isə bu cür iş masaları ilə qismən təchiz olunub.

 

Qeyd edək ki, kafedranın elmi-tədqiqat laboratoriyaları  immunferment analizin (İFA) aparılmasına dair analizatorlar, immunflüoressensiya reaksiyasının (RİF) aparılması üçün lüminessent mikroskop, toxuma kulturası üçün invert mikroskop, binokulyar mikroskoplarla təchiz edilib.

 

Laboratoriyalarda həmçinin, mənfi dərəcəli soyuducu, avtoklav, biotəhlükəsizlik şkafları, quruducu şkaflar, termostatlar, sentrifuqalar, homogenizator, mikropipetlər, qidalı mühitlər, reaktivlər və s. vardır. Bütün bunlar ATU-da tələbələrin müasir səviyyəli elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradır.