Bakı Mühəndislik Universitetinin (BMU) tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə universitetin tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb.

       

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından söz açan prorektor Böyük Zəfərin qazanılmasında  gənclərin rolunu xüsusi qeyd edib. Bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycanda güclü vətənpərvərlik hisslərinə malik, milli ruhda tərbiyə almış gənc nəslin yetişdiyini bir daha sübuta yetirdi.

 

Vətənə bağlı müasir gəncliyin Ulu öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələri olduğunu bildirən prorektor Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclərin məhz müstəqillik illərində formalaşdığını fikirlərinə əlavə edib.

        

B.Hüseynzadə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti haqqında ətraflı danışaraq, bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

 

Prorektor bu siyasət çərçivəsində BMU-da gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda onların yüksək əxlaqi və mənəvi keyfiyyətlərə yiyələnməsinə daima diqqət göstərilməsini söyləyib. BMU tələbələrinin Vətən Müharibəsində iştirak etdiyini, eyni zamanda erməni vəhşiliklərinin sosial şəbəkələrdə müxtəlif dillərdə geniş auditoriyaya çatdırılması istiqamətində aktiv iş apardıqlarını xüsusi qeyd edib.  

       

Tələbə təşkilatlarının fəaliyyətinə toxunan prorektor hazırda universitetdə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), YAP Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti (TEC) kimi 4 tələbə təşkilatının fəaliyyət göstərdiyini qeyd edib, universitet rəhbərliyi tərəfindən tələbələrə hər zaman şərait yaradılmasından, onların qazandıqları uğurlardan danışıb.

       

BMU tələbələrinin pandemiya müddətində rastlaşdığı problemlərə universitet rəhbərliyi tərəfindən dərhal reaksiya verildiyini, onların həlli istiqamətində müvafiq müsbət addımların atıldığını da bildirib.

      

Görüşdə BMU Tələbə Həmkarlar Təşkilatının sədri Amil Abdullayev, BMU Tələbə Gənclər Təşkilatının sədri Ləman Şərifova hesabatla çıxış ediblər.

     

Sonda tələbələrin rəy və təklifləri dinlənilib, pandemiya dövrünün davam etdiyi nəzərə alınaraq yarana biləcək problemlərin operativ həlli ilə bağlı geniş müzakirələr aparılıb, həmçinin tələbə təşkilatlarının gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.